Respublikaçılar Hegseth qalmaqalına görə ikiüzlü mövqe tutur

ABŞ Müdafiə naziri Pit Hegsethin məxfi məlumatları həyat yoldaşı və şəxsi vəkilinə göndərməsi Respublikaçılar Partiyasında daxili narahatlığa səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp Hegsethi açıq şəkildə müdafiə etsə də, partiya daxilində bəzi üzvlər bu qalmaqalların artıq ciddi problemə çevrildiyini düşünür. Partiya rəhbərliyinin müdafiə nazirinin təsdiqi üçün əvvəlcədən böyük siyasi kapital xərcləməsi, onları indi də səssiz dəstək verməyə məcbur edir.
Lakin Hegsethin Signal messencerində hərbi əməliyyatlarla bağlı detalları ailə üzvləri ilə paylaşması, bir sıra Respublikaçıların etimadını sarsıdıb. Müdafiə Nazirliyində yüksək səviyyəli istefalar və keçmiş əməkdaşın tənqidi yazısı da vəziyyəti daha da gərginləşdirib. Respublikaçıların əksəriyyəti hələlik Trampa qarşı çıxmaq istəmir, lakin Hegsethə göstərilən bu “xoş niyyətin” uzun sürməyəcəyi ehtimal edilir.
Hazırda yalnız bir Respublikaçı konqresmen – general rütbəli keçmiş hərbçi Don Beykon – Hegsethin istefasını açıq şəkildə tələb edib. Digər tərəfdən, Trampa yaxın siyasətçilər, o cümlədən senator Markveyn Mullin və Tom Koton, Hegsethi müdafiə etməyə davam edir.
Demokratlar isə müdafiə nazirinin dərhal vəzifədən azad olunmasını tələb edir. Kolorado ştatından konqresmen Ceyson Krou Hegsethi “Amerika hərbçilərinin həyatını təhlükəyə atmaqda” ittiham edib.
Zəhra Ağayeva
15:53 23.04.2025
Oxunuş sayı: 708