İlham Əliyev Çinin Baş naziri ilə görüşüb - YENİLƏNİB



Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşdə ötən ilin iyulunda Azərbaycan və Çin arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətlərimizin yüksək səviyyəsini göstərdiyi bir daha vurğulanıb.
Bu gün imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın əhəmiyyətinə toxunuldu, onun münasibətlərimizin ruhunu və xarakterini əks etdirdiyi bildirilib.
Qeyd olunub ki, münasibətlər qısa vaxtda – bir ildən də az müddətdə strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da öz növbəsində əlaqələrimizin inkişaf dinamikasını göstərir.
Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkə olduğu qeyd edilib, siyasi sahə ilə yanaşı, iqtisadi-ticari əlaqələrimizin inkişafından, həmçinin ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artaraq 3,7 milyard dollar təşkil etməsindən və bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsinin 40 faizə yaxın çoxalmasından məmnunluq bildirilib.
Dövlət başçısı qeyd edib ki, Çin bizim birinci idxal tərəfdaşımız olmaqla yanaşı, həm də dördüncü ticarət tərəfdaşımızdır.
Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında Bəyannamənin bütün sahələrdə uğurla həyata keçirildiyini vurğulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkəsini əhatə edən nəqliyyat-logistika əməkdaşlığı sahəsində fəal səylər göstərdiyini deyib.
Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, Azərbaycanın və Çinin həmişə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərməsi, ölkəmizin “Vahid Çin” siyasətini daim dəstəklədiyi qeyd edildi. Terrorçuluq, ekstremizm və separatizmlə mübarizədə ölkələrimizin səylərinə toxunulub.
BMT əsaslı beynəlxalq münasibətlər sisteminin Azərbaycan və Çin tərəfindən dəstəkləndiyi vurğulandı. Dövlətimizin başçısı bu xüsusda dedi ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra edilməsi mexanizmi yaradılmalıdır. Belə ki, Azərbaycan uzun müddət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsindən əziyyət çəkib.
Bakıda hökumətlərarası komissiyanın sonuncu iclasının və bu çərçivədə biznes forumunun keçirilməsi xatırlandı. Həmin tədbirdə Azərbaycan və Çin şirkətləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığa dair müqavilələrin imzalandığı vurğulanıb.
Çinin Baş naziri Orta Dəhlizin əhəmiyyətinə toxundu və bu marşrut üzrə daşımaların artmasını qeyd edib.
Azərbaycan və Çinin Orta Dəhlizinin yükötürmə imkanlarının daha da genişləndirilməsi istiqamətində birgə səylərinə toxunulub.
Görüşdə bərpaolunan enerji sahəsində, həmçinin neft-qaz sektorunda Azərbaycan ilə Çin şirkətləri arasında əməkdaşlıq imkanları və Çin texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə bağlı məsələlər müzakirə edildi, bu sahədə böyük investisiya imkanlarının olduğu bildirilib.
Həmçinin ərazilərin minalardan təmizlənməsi istiqamətində əməkdaşlıq müzakirə edilib.
Li Çianq qeyd edib ki, Çin tərəfi ərazilərin minalardan təmizlənməsi sahəsində humanitar dəstək göstərməyə hazırdır.
Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizanın ləğv olunmasının ardınca iki ölkə arasında vizaların qarşılıqlı şəkildə ləğvi haqqında sənədin imzalanmasının əhəmiyyətinə toxunuldu, bunun insanlararası təmasların və turizmin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
Görüşdə kənd təsərrüfatı, o cümlədən baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikası sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu. Çinin Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti və ölkəmizin Rəqəmsal Transformasiya və Rəqəmsal İnkişaf Konsepsiyasını dəstəklədiyi vurğulanıb.
Söhbət zamanı mədəni-humanitar sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, Heydər Əliyev Fondunun xətti ilə Çində həyata keçirilən layihələr məmnunluqla qeyd olunub.
12:38
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb.
Bu barədə Crossmedia.az xəbər verir.
15:01 23.04.2025
Oxunuş sayı: 928