Keçmiş KQB agentindən Avropaya sərt xəbərdarlıq: “Putini əzməliyik”

Rusiya Prezidenti Vladimir Putinlə eyni dövrdə KQB-nin elit kəşfiyyat məktəbində təhsil almış keçmiş rus casusu Sergey Jirnov, Avropanı passivlikdə ittiham edərək daha sərt addımlar atmağa çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Fransada sığınacaq statusu ilə yaşayan Jirnov, “Putini bir həşərat kimi əzməliyik” ifadəsi ilə diqqət çəkib.
1984-cü ildə KQB-yə qoşulan və yeddi il Rusiyanın xüsusi xidmət orqanında xidmət etmiş Jirnov, Putinlə 1980-ci il Moskva Olimpiadası zamanı tanış olduğunu bildirib. Onun sözlərinə görə, həmin vaxt bir fransız vətəndaşı ilə apardığı telefon danışığı səbəbilə Putin tərəfindən sorğu-sual edilib.
Jirnov, Putin haqqında “gücə pərəstiş edən və qısqanc xarakterə malikdir, empatiya hissindən məhrum sosyopatdır” deyərək, onun özünü tanrı kimi gördüyünü və “əbədi olmaq” arzusunda olduğunu iddia edib.
O, Qərbin Rusiyaya qarşı verdiyi reaksiyanı qeyri-kafi adlandıraraq, “Heç bir Qərb ölkəsi Putinin hücumlarına hücumla cavab verməyib. Diplomatik reaksiya kifayət deyil” deyə qeyd edib və Avropanı passiv qalmaqda günahlandırıb.
Putinin aqibətini 1989-cu ildə edam edilən Rumıniya diktatoru Nikolay Çavuşeskuya bənzədən Jirnov, Rusiyanın müharibəni uduzacağı təqdirdə Sovet İttifaqı kimi dağılacağını da istisna etməyib.
Jirnovun açıqlamaları Putinin xarakteri və hakimiyyət ehtirası ilə bağlı mühüm ipucları təqdim edir. Avropanın bu xəbərdarlıqlara necə reaksiya verəcəyi isə qarşıdakı dövrdə müəyyən olunacaq.
Mədinə Cəlilova
22:10 21.04.2025
Oxunuş sayı: 848