Peruda ekoloji inqilab: Maranon çayı hüquqi şəxs elan edildi

Neft sızmaları ilə onillərlə zərər görən və ölkənin ən mühüm su arteriyalarından biri sayılan Maranon çayı hüquqi şəxs statusu qazandı.
Crossmedia.az CNN agentliyinə istinadla xəbər verir ki,1 450 kilometr uzunluğa malik çay, 2000-ci ildə baş verən 5 000 bareldən çox xam neftin sızması ilə yadda qalan böyük ekoloji fəlakətlə gündəmə gəlmişdi.
Amazon çayına tökülən bu çay, həm də nəsli kəsilməkdə olan çəhrayı delfinlər və nəhəng su samurlarının yaşadığı nadir ekosistemlərdən biridir.
Yeni hüquqi status çayın insan kimi hüquqlara sahib olması deməkdir. Artıq o, məhkəmədə təmsil oluna, ekoloji ziyana görə təzminat tələb edə və qorunma hüququnu müdafiə etdirə biləcək.
Ekoloji fəallar və yerli icmalar bu qərarı alqışlayır. Onlar hesab edir ki, bu addım həm təbiətin qorunmasına, həm də neft şirkətlərinin daha məsuliyyətli fəaliyyətinə zəmin yaradacaq.
Nigar Rəhimova
16:00 21.04.2025
Oxunuş sayı: 565