Azərbaycanla Ermənistan arasında danışıqlar niyə vasitəçisiz olmalıdır? - Təhlil

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "TRT Worl" telekanalına müsahibəsində deyib ki, Azərbaycanla Ermənistan arasında birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir.
Nazir qeyd edib ki, bu gün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında danışıqlar bir müddət müxtəlif vasitəçilərin, o cümlədən Moskvanın, Vaşinqtonun və Brüsselin iştirakı ilə davam etdi. Amma tarixi təcrübə göstərdi ki, nə Rusiya, nə ABŞ, nə də Avropa İttifaqı prosesə ciddi töhfə verdilər. Əksinə, onların hər biri məsələyə öz maraqları kontekstindən yanaşdılar. Bu da danışıqları nəinki asanlaşdırmadı, hətta zaman- zaman daha mürəkkəb durum yaratdı. Bundan sonra Bakı və İrəvan danışıqları birbaşa qaydada davam etdirdilər. Məhz vasitəçisiz danışıqların nəticəsində tərəflər arasında normallaşma əlaqələri inkişaf etdi, o cümlədən Qazaxın dörd kəndi azad olundu, delimitasiya və demarkasiya məsələsi xeyli dərəcədə həllini tapdı, sülh mətni razılaşdırıldı.
Ermənistan zaman- zaman danışıqların vasitəçilərin köməyi ilə baş tutmasına çalışır. Xüsusilə Qərb oyunçularını prosesə daxil etməyə cəhd edir. Çünki Qərb aktorları ilə İrəvanın destruktiv maraqları üst- üstə düşür.
Ermənistan vasitəçilərlə danışıqlara can atmasının əsas səbəbi perspektivdə onların köməyi ilə mümkün razılaşmalardan yayınmaq, destruktiv mövqe sərgiləməkdir və özünü daha təhlükəsiz hiss etməkdir. Əlbəttə, rəsmi Bakı bunların fərqindədir və heç bir sabotaja imkan verməyəcək.
Kənan Novruzov
10:00 20.04.2025
Oxunuş sayı: 1427