Sankt-Peterburqda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

Sankt-Peterburqda Azərbaycanın Rusiyadakı səfirliyinin və ölkəmizin Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə səfir Rəhman Mustafayevin bu şəhərdə mədəniyyət və incəsənət sahəsində çalışan Azərbaycan icmasının nümayəndələri ilə görüşü keçirilib. Görüşdə, həmçinin Sankt-Peterburqun mədəniyyət, elm, təhsil və media sahələrində fəaliyyət göstərən rusiyalı nümayəndələr də iştirak ediblər.
Görüşü açıq elan edən səfir Rəhman Mustafayev vurğulayıb ki, Azərbaycan icması təkcə etnik azərbaycanlılardan deyil, Azərbaycandan olan müxtəlif xalqların nümayəndələrindən ibarətdir və bu insanlar ölkəmizi xaricdə ləyaqətlə təmsil edirlər. Görüş zamanı mədəni əməkdaşlığa xüsusi diqqət ayrılıb.
Daha sonra Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova çıxış edib. O, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə illər ərzində həyata keçirilən mədəniyyət, təhsil və tibb sahəsindəki layihələr barədə məlumat verib.
Görüşdə, həmçinin mədəniyyət xadimləri və diaspor nümayəndələri çıxış ediblər. (Azərtac)
09:22 20.04.2025
Oxunuş sayı: 520