Əraqçı Lavrovla görüşdü: “Rusiyanın nüvə razılaşmasında rol oynamasını ümid edirik”

İran Xarici İşlər naziri Abbas Əraqçı və Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı təşkil ediblər. Görüşün əsas mövzusu İran və ABŞ arasında sabah İtaliyanın paytaxtı Romada keçiriləcək nüvə danışıqları olub.
Crossmedia.az xəbər verir ki, Əraqçı açıqlamasında ABŞ ilə 12 aprel tarixində Oman vasitəsilə keçirilən ilk raund danışıqlarda qarşı tərəfin ciddi niyyət göstərdiyini bildirib. “Əgər ABŞ qeyri-real tələblərlə çıxış etməzsə, nüvə proqramı ilə bağlı razılığa gəlmək mümkündür”, – deyə iranlı nazir bildirib. O, mümkün nüvə razılaşmasında Rusiyanın fəal rol alacağına ümid etdiklərini vurğulayıb.
Lavrov isə bəyan edib ki, İran nüvə silahlarının yayılmaması ilə bağlı razılaşma çərçivəsində razılığa gəlməyə hazırdır və Rusiya bu prosesi dəstəkləməyə hazırdır.
Xatırladaq ki, 2018-ci ildə ABŞ-nin o vaxtkı prezidenti Donald Tramp ölkəsini İranla nüvə razılaşmasından birtərəfli qaydada çıxarmışdı. Tramp ötən ay İranın ali lideri Ayətullah Xameneiyə birbaşa nüvə danışıqları ilə bağlı məktub göndərmiş, İran isə bu məktuba Oman vasitəsilə cavab vermişdi.
İran və ABŞ arasında keçirilən ilk dolaylı danışıqlardan sonra hər iki tərəf prosesi “müsbət və konstruktiv” kimi dəyərləndirib. Növbəti görüşün 19 aprel tarixində Romada keçiriləcəyi elan olunub.
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Witkoff isə İranın 2015-ci ildə razılaşdırılan 3,67%-lik uran zənginləşdirmə limitini qəbul etdiyini bildirsə də, sonradan İranın bu prosesi tamamilə dayandırmalı olduğunu söyləyib. Arakçi isə İranın uran zənginləşdirmə hüququnun müzakirə mövzusu olmadığını bəyan edib.
Mədinə Cəlilova
20:14 18.04.2025
Oxunuş sayı: 1196