Fransadan Ermənistana hərbi dəstək: Azərbaycandan sərt reaksiya

Fransa ilə Ermənistan arasında imzalanan yeni hərbi əməkdaşlıq sazişləri regionda narahatlıq doğurur. Oktyabrın 23-də Parisdə keçirilən görüşdə Fransa və Ermənistanın müdafiə nazirləri arasında hava hücumundan müdafiə sistemləri və digər hərbi texnikanın tədarükünü nəzərdə tutan müqavilələr imzalanıb.
Crossmedia.az CNN agentliyinə istinadla xəbər verir ki, Azərbaycan rəsmiləri bu addımı regionda sülh və sabitliyə təhlükə kimi qiymətləndirirlər. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransanın Ermənistana hərbi texnika göndərməsi Ermənistanın hərbi potensialını gücləndirərək bölgədə destruktiv fəaliyyətinə xidmət edir.
Millət vəkili Sevinc Fətəliyeva da qeyd edib ki, Fransanın bu addımı Cənubi Qafqazda vəziyyəti gərginləşdirir və sülh prosesinə mane olur.
Bundan əlavə, Fransa Müdafiə Nazirliyi Ermənistana "Ground Master 200" radar sistemləri və digər hərbi avadanlıqların göndərilməsini planlaşdırır.
Azərbaycan tərəfi Fransanın bu siyasətini qınayaraq, bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoyulmasını tələb edir.
Nigar Rəhimova
19:00 18.04.2025
Oxunuş sayı: 2031