Hesablama Palatası: dövlət qurumlarının debitor borcları kəskin artıb

Azərbaycanın baş kredit sərəncamçılarının 2022–2023-cü illərdə debitor və kreditor borclarının analitik fəaliyyəti üzrə audit nəticələri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının bülleteninin 2024-cü il üzrə 4-cü nömrəsində bildirilir.
Hesabatda qeyd edilir ki, 2023-cü ildə dövlət qurumlarının debitor borcları 2022-ci illə müqayisədə 45,3 % artaraq 4 milyard 437,6 milyon manata çatıb.
Ən yüksək debitor borc Müdafiə Nazirliyində qeydə alınıb - 2022-ci ildə 1 milyard 161,8 milyon manat olduğu halda, 2023-cü ildə 2 milyard 594,1 milyon manata yüksəlib.
Auditin nəticələrinə əsasən, debitor borcların funksional təsnifatı üzrə “Müdafiə və milli təhlükəsizlik”, “İqtisadi fəaliyyət” və “Əsas bölmələrə aid edilməyən xidmətlər” sahələri ən böyük paya sahib olub.
Bundan əlavə, debitor borcların inzibati təsnifatı üzrə 2022-ci ildə 100, 2023-cü ildə isə 104 istiqamətdə borc olduğu müəyyən edilib. Maraqlıdır ki, bəzi ləğv olunmuş və ya təşkilati-hüquqi forması dəyişdirilmiş qurumların da əvvəlki illər üzrə debitor borcları saxlanılıb.
Nazirliklər üzrə akkreditiv hesablara yönəldilən vəsaitlərin məbləği də diqqət çəkir. Belə ki, 5 nazirlik üzrə bu vəsait 2022-ci ildə 72 min manat, 2023-cü ildə isə 16 milyon 462 min manat olub.
Komitələr üzrə isə 2022-ci ildə debitor borclar 2 milyon 901 min manat olduğu halda, 2023-cü ildə bu göstərici 48 milyon 423 min manata çatıb. Kreditor borclar isə iki komitə üzrə 2022-ci ildə 15 min manat təşkil edib.
Hesabatda qeyd olunur ki, agentliklər üzrə debitor borclarında azalma baş versə də, kreditor borclarında artım müşahidə edilib. Debitor və kreditor borcların əsas hissəsi eyni funksional və iqtisadi bölmələri əhatə edir.
Səhmdar cəmiyyətlər üzrə 2022–2023-cü illərdə müvafiq olaraq 356,8 milyon manat və 200,4 milyon manat məbləğində debitor borclar mövcud olub. Bu borcların böyük hissəsi “Qeyri-maliyyə aktivləri” bölməsinə aid olub.
Publik hüquqi şəxslər üzrə debitor borcların əsas hissəsi iqtisadi fəaliyyət sahəsi ilə bağlıdır. 2023-cü ilin sonunda 5 publik hüquqi şəxs üzrə 215,4 milyon manatlıq debitor borc qeydə alınıb.
Məhkəmə və hüquq-mühafizə orqanları üzrə 2023-cü ilin sonuna debitor borclar 2 milyon 239 min manat, kreditor borclar isə 132 min manat təşkil edib. Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatlarla məhkəmələrin təqdim etdiyi məlumatlar arasında 59 min manat fərq müəyyən olunub.
Digər qurumlar üzrə də ciddi artımlar müşahidə olunub. Xüsusilə dairə seçki komissiyalarının 9 milyon 236 min manat debitor borcu olub ki, bu da aidiyyəti qurumlar üzrə ümumi borcun 94,4 %-ni təşkil edir.
Diplomatik nümayəndəlik və konsulluqlar üzrə isə 2023-cü ildə 1 milyon 63 min manat debitor və 2 milyon 873 min manat kreditor borc qeydə alınıb.
Ümumilikdə, auditor hesabatı dövlət qurumlarında borc öhdəliklərinin miqyasının ildən-ilə artdığını və bəzi hallarda köhnə illərə aid öhdəliklərin hələ də qüvvədə olduğunu göstərir. Hesabatda akkreditiv hesablar, qabaqcadan ödənişlər və büdcədənkənar vəsaitlər üzrə də hüquqi və maliyyə qeyri-müəyyənliklərinə dair hallar vurğulanır.
11:43 18.04.2025
Oxunuş sayı: 930