“Arka Sokakların” məşhur aktrisası Qəzzada çörək sexi açdı

İsrailin Qəzzada davam edən hücumları nəticəsində bölgədə aclıq və susuzluq dözülməz həddə çatıb. Aylardır bombalar altında yaşamağa məcbur edilən Qəzza sakinləri həyatda qalmaq üçün ciddi mübarizə aparırlar. İsrailin atəşkəsi pozması bölgədə humanitar böhranı daha da dərinləşdirib. Bu vəziyyətdə ehtiyatların da tükənmək üzrə olduğu bir zamanda “Ümidə Qaçanlar” Dərnəyi hərəkətə keçib. Aktrisa və yardımsevər fəaliyyəti ilə tanınan, Türkiyənin məşhur “Arka Sokaklar” serialında “Zeynep komiser” obrazını canlandırmış Gamze Özçelik və komandası Qəzzada çörək sexi açaraq yerli əhali üçün ümid olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" saytı məlumat yayıb.
Özçelik açıqlamasında bildirib:
“Zülm altında, ağır şəraitdə də olsa da, istehsala davam edirik. Qəzzada açdığımız çörək sexi ilə oradakı qardaşlarımıza isti çörək paylayırıq”.
Qeyd edək ki, dünyanın müxtəlif bölgələrində humanitar yardım layihələrinə imza atan Özçelik bu günə qədər minlərlə insanın həyatına və uşaqların qəlbinə toxunmağı bacarıb. Onun rəhbərlik etdiyi dərnək vasitəsilə hazırlanan yardım paketləri ehtiyac sahiblərinə çatdırılır və bu anları Özçelik sosial mediada paylaşır.
Xatırladaq ki, o, daha əvvəl Kamerunda su quyuları açıb, İdlibdə müharibədən zərər çəkmiş uşaqlara yardım göstərib və dünyanın müxtəlif bölgələrindəki yetimlərə dəstək olub. Özçelikin fəaliyyəti insanlıq dramına göz yuman bir çox məşhura nümunə göstərilir.
Fatimə Məmmədova
22:40 15.04.2025
Oxunuş sayı: 951