Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru araşdırmaları uğurla davam edir

AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Tacir Qurbanovun (Səmimi) “Yurdum, yuvam – Ağbabam” kitabı nəşr olunub. Kitabda müəllifin povest və hekayələri, Qərbi Azərbaycanın görkəmli adamları haqqında qeydləri, Ağbabanın el sənətkarları – Aşıq İsgəndər Ağbabalı, Aşıq Qəmbər və başqaları barədə düşüncələri, “Gümrü duyğuları” və digər yazılar verilib. Burada erməni vəhşətinə, Ağbaba folklor örnəklərinə də xeyli yer ayrılıb.
Bu barədə Crossmedia.az AMEA-ya istinadən məlumat verir.
Kitab Qərbi Azərbaycan folklorunun öyrənilməsi, ədəbi-bədii təhlili baxımından xüsusi əhəmiyyət daşıyır. Burada yüksək toplayıcılıq peşəkarlığı ilə toplanmış rəvayət, bayatı və xatirələrin, müdrik fikirlərin, kəlamların dərin mənalı siqləti Qərbi Azərbaycandan olan soydaşlarımızın dilinin, nitqinin xəlqiliyini şərtləndirən amillərdəndir. Kitabın “Sərhəd bayatıları”, “Söyləyici-toplayıcı münasibətləri” bölümlərində Qərbi Azərbaycan folklorunun şeir dilindən ətraflı söz açılaraq təhlili verilir.
Kitabda “Köhnə kişilər”, “El sənətkarları”, “Yurdun, elin müəllimləri”, “Doğmalarım”, “Duyğular, düşüncələr”, “Ötənlərin işığında”, “Mənə belə danışıblar”, “Arif Bayramovun xatirələri” və Qərbi Azərbaycanın digər görkəmli şəxsiyyətləri haqqında müxtəlif yazılar da öz əksini tapıb, onların həyatı hərtərəfli işıqlandırılıb.
Kitabın redaktoru Məftun Ənvəroğlu, ön sözün müəllifi fil.ü.f.d., dos. Sevinc Əliyeva, rəyçiləri isə fil.ü.f.d. Əpoş Vəliyev, Anar Hüseyn və fil.ü.f.d., dos. Nigar Həsənovadır.
“SkyE” nəşriyyatında işıq üzü görən 678 səhifəlik kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
17:55 08.04.2025
Oxunuş sayı: 1776