Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərlə bağlı strategiyasında dörd mühüm mərhələ - RƏY

Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında mühüm açıqlamalar verib. Prezident qeyd edib ki, Azərbaycan müharibəni vaxtında dayandırsa da, öz siyasətindən bir addım belə geri atmayıb. O, İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğaldan azad edildiyini vurğulayıb və müharibənin davam etməsinin çoxlu itkilərə səbəb olacağını bildirib. Prezident həmçinin, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edərək, separatizmin kökünü kəsdiyini ifadə edib. O, bu bölgələrdə yaşayan insanların artıq rahat və təhlükəsiz şəraitdə yaşamağa başlayacaqlarını əminliklə söyləyib.
Prezidentin Ağdamda səsləndirdiyi fikirlərlə bağlı Crossmedia.az-a danışan Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib ki, dövlət başçısının işğaldan azad olunmuş ərazilərlə bağlı strategiyasında dörd mərhələnin fərqləndirilməsi mümkündür: "Birinci mərhələ - torpaqlarımız işğal altında olduğu dövrü əhatə edir və bu dövrün əsasını işğaldan azad olunma istiqamətində görülən tədbirlər təşkil edir. Bu mərhələdə ordu quruculuğu məsələsi, ordunun döyüş qabiliyyətinin artırılması, müasir silahlarla silahlandırılması, iqtisadiyyatın gücləndirilməsi və neft kapitalından insan kapitalına keçid strategiyası kimi əsas prioritetlər mövcud idi. İkinci mərhələ - 44 günlük Vətən müharibəsi dövrünü əhatə edir və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi vacib bir mərhələdir. Bu dövr, işğal altındakı torpaqların azad edilməsi və müharibənin zəfərlə başa çatması ilə nəticələndi". Üçüncü mərhələ - 2020-ci ildən 2023-cü ilin sentyabrına qədər olan dövrü əhatə edir. Bu mərhələ Azərbaycan ərazisində separatizmin kökünün kəsilməsi, terrorçularla mübarizə və ərazi bütövlüyünün tam bərpa olunması ilə bağlı aparılan tədbirləri özündə cəmləyir. Bu dövr, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi və bölgədəki sabitliyin təmin edilməsi ilə nəticələndi". "Dördüncü mərhələ - post-münaqişə dövrüdür və işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı çoxsaylı sahə üzrə tədbirləri əhatə edir. Bu mərhələyə ilk növbədə infrastrukturun bərpası, işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması və böyük qayıdış proqramlarının həyata keçirilməsi daxildir".
R. Nəbiyev qeyd edib ki, Prezidenti İlham Əliyevin Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında səsləndirdiyi fikirlər, bu mərhələlərin icrasını daha da konkretləşdirir: "İlham Əliyev Azərbaycan Respublikasının hərbi əməliyyatları vaxtında dayandırdığını, ancaq suverenliyinin tam bərpasına yönəlik siyasətindən bir addım belə geri çəkilmədiyini vurğulayıb. Bu, xüsusilə Vətən müharibəsi ilə suverenliyin bərpası arasındakı dövrü əhatə edən məsələləri özündə ehtiva edir. Belə ki, döyüş əməliyyatlarının dayandırılmasından sonra Azərbaycan humanitar səbəbləri əsas götürərək və beynəlxalq humanitar hüququn prinsplərinə öz hörmətini bir daha nümayiş etdirərək mühasirəyə düşmüş erməni əsgərlərinin mühasirədən çıxmasına və Ermənistana geri qayıtmasına şərait yaratmışdır. Lakin qaunnusuz erməni silahlı birləşmələrinin üzvləri Ermənistana geri qayıtmamış və Azərbaycanda qalaraq təxribatçı əməllərini davam etdirmişlər. 2023-cü ilin sentyabrında Azərbaycan suverenliyin bərpası məqsədilə qısa müddətli antiterror əməliyyatı həyata keçirmişdir və separatizmin kökünü kəsmişdir".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin açılışını etdiyi Sarıcalı kəndi Ağdamın altı kilometrliyində yerləşir və bu kənddə yaşayışın bərpası Qarabağ tarixinin yaşadılmasına olan növbəti töhfədir.
Xumar Emilqızı
14:53 28.03.2025
Oxunuş sayı: 18420