İsrail ordusu HƏMAS-ın iki komandirini məhv edib

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın iki komandirini zərərsizləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, son günlər IDF və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağında HƏMAS-ın hərbi potensialını zəiflətmək və İsrailə qarşı təhlükələri aradan qaldırmaq məqsədilə bir sıra hava zərbələri endirib.
Əməliyyatlar zamanı “Qəzza” briqadası komandirinin müavini Əhməd Şimali məhv edilib.
Xatırladaq ki, o, hərəkatın hücum strategiyasının planlaşdırılması, qüvvələrin formalaşdırılması və 7 oktyabr 2023-cü il hücumuna hazırlıq işlərinə cavabdeh olub. Həmçinin müharibə zamanı “Qəzza” briqadasının qüvvələrinin yerləşdirilməsinə rəhbərlik edib.
Bundan əlavə, “Şucaiya” batalyonunun komandiri Cəmil Vadiya da məhv edilib. Belə ki, o, 2023-cü ilin dekabrında öldürülən Vissam Fərhatın yerinə təyin olunub. Vadiya 2011-ci ilin aprelində məktəb avtobusuna qarşı tank əleyhinə raket hücumunda iştirak edib.
Qeyd edək ki, həmin hücum nəticəsində 16 yaşlı yeniyetmə həlak olub.
Fatimə Məmmədova
12:25 24.03.2025
Oxunuş sayı: 953