İsrail Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyata hazırlaşır

İsrail hakimiyyəti Qəzza zolağında HƏMAS-ın infrastrukturunu tamamilə məhv etmək məqsədilə genişmiqyaslı quru əməliyyatı keçirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Belə ki, Baş nazir Benyamin Netanyahu və onun komandası bu əməliyyatda ABŞ-nin yeni administrasiyasının dəstəyinə və Livanda "Hizbullah"ın mövqelərinin zəifləməsinə ümid edir.
Mənbələrin məlumatına görə, İsrail ordusu Qəzzada strateji əraziləri ələ keçirməklə HƏMAS-ı təcrid etməyi və onu resurslardan məhrum etməyi hədəfləyir. Lakin hərəkatın geniş tunel şəbəkəsinin tamamilə məhv edilməsi aylar, hətta illər çəkə bilər.
Buna baxmayaraq, İsraildə bəzi siyasətçilər hərbi əməliyyatın effektivliyini şübhə altına alır. Onların fikrincə, siyasi həll yolu olmadan münaqişənin sona çatması mümkün deyil.
"HƏMAS yerli əhali arasında dərin kök salıb. Dialoq olmadan bu münaqişə sonsuz davam edəcək", – deyə adının açıqlanmasını istəməyən ekspert bildirib.
Fatimə Məmmədova
11:34 24.03.2025
Oxunuş sayı: 2451