Kremlin sülh oyunu: Ukraynanı silahsızlaşdırmaq

Son dövrlərdə Rusiya ilə Ukrayna arasında mümkün sülh danışıqları ilə bağlı müzakirələr intensivləşsə də, Kremlin irəli sürdüyü şərtlər bu danışıqların real sülh üçün deyil, gələcək işğal planları üçün bir strategiya olduğunu göstərir.
Moskva israrla bildirir ki, Ukrayna tamamilə neytral statusa malik olmalı və hərbi qüvvələrini əhəmiyyətli dərəcədə azaltmalıdır. Əslində, bu, Ukraynanın özünü müdafiə etmək imkanlarını tamamilə əlindən almaq anlamına gəlir. Kreml, həmçinin Ukraynanın NATO-ya üzvlükdən və Qərblə hərbi əməkdaşlıqdan imtina etməsini tələb edir.
Müharibənin əvvəlində Rusiya nümayəndələri Ukrayna ordusunun cəmi 50 min nəfərlik kiçik bir qüvvəyə çevrilməsini istəyirdilər. Bu, əslində, ölkəni potensial hücumlar qarşısında tam müdafiəsiz buraxmaq deməkdir. Son illərdə Kremlin bu tələbi dəyişməz qalıb və indi də Moskva Ukraynanın gələcəkdə Qərbdən hər hansı hərbi yardım almasının qadağan edilməsini istəyir.
Ancaq heç bir hərbi ekspert Ukraynanın Rusiyaya təhlükə yaratdığını düşünmür. Ukraynanın ordusunun əsas funksiyası öz ərazilərini müdafiə etməkdir. Buna baxmayaraq, Kreml Ukraynanın silahsızlaşdırılmasını prioritet məsələ kimi irəli sürür.
Ekspertlər hesab edirlər ki, Putinin bu tələbi onun gələcəkdə müharibəni davam etdirmək niyyətini açıq şəkildə ortaya qoyur. Kreml Ukraynanı müdafiəsiz vəziyyətə salmaqla gələcəkdə işğalını davam etdirməyi hədəfləyir.
Bu vəziyyət Qərb dövlətləri, xüsusilə ABŞ administrasiyası üçün ciddi xəbərdarlıq olmalıdır. Ukraynanın silahsızlaşdırılması və neytrallaşdırılması nəinki sülh yaratmayacaq, əksinə, Putinə gələcək hücumlar üçün sərbəstlik qazandıracaq. Bu səbəbdən, beynəlxalq ictimaiyyət Kremlin bu "sülh oyunu"na diqqətlə yanaşmalı və Ukraynanın müdafiə imkanlarını gücləndirmək üçün səylərini davam etdirməlidir.
Nigar Yahyazadə
21:29 18.03.2025
Oxunuş sayı: 1173