Dünya Bankı: Azərbaycan yaşıl enerji hədəflərinə çatmaq üçün addımları sürətləndirməlidir

Azərbaycan qarşısına iddialı iqlim məqsədləri qoyub, lakin onlara nail olmaq üçün qarşıdakı illərdə mühüm siyasi qərarlar tələb olunacaq.
Dünya Bankından verilən məlumata görə, ölkə iqtisadiyyatı qalıq yanacaqlardan asılı olaraq qalmaqda davam edir və bu, böyük həcmdə istixana qazları emissiyaları ilə nəticələnir. Bu emissiyaların təxminən 30 %-i səmt qazının məşəldə yandırılması kimi qeyri-məhsuldar metan emissiyalarıdır.
Azərbaycan özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) çərçivəsində 2030-cu ilə qədər səmt qazı emissiyalarını 1990-cı ilin səviyyəsi ilə müqayisədə 35 % azaltmaq niyyətindədir. Buna nail olmaq üçün ölkə təkcə metan emissiyalarını azaltmağı deyil, həm də 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 20 %-dən 30 %-ə çatdırmağı planlaşdırır.
Azərbaycan həmçinin Rumıniya, Gürcüstan və Macarıstanla Avropaya elektrik enerjisinin ixracına imkan verəcək "yaşıl enerji dəhlizi"nin yaradılması layihəsinə qoşulub.
Ölkənin İqlim və İnkişaf Hesabatına (CCDR) əsasən, enerji səmərəliliyinin artırılması, xüsusilə də nəqliyyat və mənzil sahələrində, planlaşdırılan emissiyaların azaldılmasının ən azı yarısını təmin edə bilər.
Enerji sektoru iqtisadiyyat üçün əsas olaraq qalır və Dünya Bankı hesab edir ki, Azərbaycan tarif siyasəti, elektrik enerjisinin ötürülməsi və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi sahələrində effektiv həllərin həyata keçirilməsini sürətləndirməlidir.
“Azərbaycanda əsas enerji istehlakçıları yaşayış sektoru və nəqliyyatdır, elektrik enerjisinə tələbat isə hər il 2,9 % artır. Azərbaycan energetika sektorunun rəqabət qabiliyyətini artırmaq üçün Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərinin kiçik bir hissəsini IPO-da (ilkin kütləvi təklif) yerləşdirməyi və növbəti illərdə elektrik enerjisinin istehsalı, bölüşdürülməsi və ötürülməsini struktur olaraq ayırmağı planlaşdırır”, - bankdan qeyd edilib.
Bərpa olunan enerji sektorunda ölkədə Bərpa Olunan Enerji Mənbələri Agentliyi yaradılıb, sənayeni stimullaşdırmaq üçün qanunlar qəbul edilib, iki böyük külək və günəş elektrik stansiyası ilə enerji alqı-satqısı müqavilələri bağlanılıb. Bununla belə, CCDR hesabatında vurğulandığı kimi, Azərbaycan 30 %-lik hədəf göstəricisinə nail olmaq üçün enerji keçidini sürətləndirməlidir. Buraya qalıq yanacaq subsidiyalarının azaldılması, bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi, karbohidrogen istehsalı və nəqli zamanı emissiyaların azaldılması, eləcə də "yaşıl enerji"nin inteqrasiyası üçün elektrik şəbəkələrinin təkmilləşdirilməsi daxildir.
Dünya Bankından onu da qeyd ediblər ki, neft subsidiyalarının ləğvi bərpa olunan enerjinin inkişafını stimullaşdırmaq üçün mühüm addım olacaq. Qısa müddətdə ölkə daxili ehtiyaclar üçün bərpa olunan enerjidən istifadə edə, orta perspektivdə isə Qara dənizdə sualtı kabel vasitəsilə elektrik enerjisini ixrac edə bilər.
“Bu layihə, elektrik şəbəkələrinin modernləşdirilməsi və bərpa olunan enerjinin rəqabət qabiliyyətinin təmin edilməsi şərti ilə, Rumıniya, Macarıstan və Gürcüstanla "yaşıl enerji dəhlizi"nin yaradılmasında ilk addım ola bilər”, - bankdan bildiriblər.(Report)
18:16 01.03.2025
Oxunuş sayı: 769