İmmun sistemi sağlamlığımızın qorunmasında mərkəzi rol oynayır - TERAPEVT

- Nahid müəllim, immun sistemi nədir və onu necə gücləndirmək olar?
- İmmun sistemi bioloji orqanizmlərin yad maddələrə və ya canlılara qarşı müdafiə sistemidir. Özünü və yad strukturları fərqləndirir, bununla da fərdi bütövlüyün qorunmasına xidmət edir. Biz bunu görə bilməsək də, immun sistemi sağlamlığımızın qorunmasında mərkəzi rol oynayır. Hər gün orqanizmimizi arzuolunmaz müdaxilələrdən qorumaq üçün çalışır. Virus, bakteriya və digər infeksiyaların yaratdığı xəstəliklərlə mübarizə aparır.
Bədənimizin özünümüdafiəsini gücləndirməklə biz xəstəliklərə qalib gələ bilirik. Sağlam qidalanma, kifayət qədər yuxu, təmiz havada müntəzəm olaraq idman etmək immun sistemini gücləndirir. Balanslaşdırılmış qidalanma - karbohidratlar, zülallar, sağlam yağlar da daxil olmaqla immun sisteminin güclənməsində vacib rol oynayır. Xüsusilə C vitamini və Sink kimi antioksidantlar bədənin müdafiəsini dəstəkləyə bilər.
Kifayət qədər yuxu immun sistemini qorumaq üçün əvəzolunmaz vasitədir. Yetkin insanlar üçün sutkada 7-8 saat gecə yuxusu önəmlidir. Bundan əlavə, sinir sisteminin normal olması və gün ərzində yetərli qədər maye qəbul etmək immun sistemi üçün faydalı hesab olunur.
- Doktor, immunitet sisteminin həddindən artıq aktivliyi nə ilə nəticələnə bilər?
- İmmun sisteminin həddindən artıq aktivliyi müxtəlif autoimmun xəstəliklər və allergik reaksiyalar kimi vəziyyətlərə gətirə bilər. Bu, orqanizmin öz toxumalarına qarşı həddindən artıq və ya səhv yönəldilmiş hücumlar etməsinə səbəb olur. Buna misal olaraq, bəzi xəstəliklərdə (Revmatoid artrit, Lupus, Çölyak xəstəlikləri) immun sistemi öz hüceyrələrini və toxumalarını yad sayaraq, onlara hücüm edir. Bu mənzərə allergik xəstəliklərdə də olur. İmmun sisteminin normalda zərərsiz olan maddələrə (toz, qida maddələri və dərmanlar) qarşı həddindən artıq reaksiyası nəticəsində astma və digər allergik xəstəliklər baş verə bilər.
İmmun sisteminin davamlı aktiv olması xroniki iltihab vəziyyətlərinə yol açır. Bu da müxtəlif orqanlar və toxumalara zərər verə bilər. İmmun sistemin normada olması və düzgün işləməsi çox vacibdir. Həddindən artıq aktivlik və anormal reaksiya vəziyyətində müalicə və düzgün nəzarət olunmalıdır.
- Autoimmun xəstəliklər nədir?
- Autoimmun xəstəliklər bədənin immun sisteminin öz hüceyrələrinə və toxumalarına qarşı səhvən hücum etməsi nəticəsində yaranan xəstəliklərdir. Normalda immun sistemi orqanizmi yad maddələrə qarşı müdafiə edir. Ancaq autoimmun immun sistemi bu yad hüceyrələr əvəzinə, bədənin öz sağlam hüceyrələrini yad sayaraq onlara qarşı mübarizə aparır.
Autoimmun xəstəliklər həyat boyu davam edən xəstəliklər ola bilər. Lakin düzgün müalicə ilə xəstələr simptomları idarə edə və həyat keyfiyyətlərini yaxşılaşdıra bilərlər.
- Peyvəndlər immunitetə necə təsir edir?
- Peyvəndlər immunitetə mühüm təsir göstərir və bədənin yoluxucu xəstəliklərə qarşı müdafiə gücünü artırır. Peyvəndlər immun sisteminə sanki “təlim keçir” və ona bir infeksiyaya qarşı necə reaksiya verəcəyini öyrədir. Bu, orqanizmin həmin infeksiya ilə yenidən qarşılaşdığında daha sürətli və güclü olmasını təmin edir.
Peyvəndlər orqanizmin immun yaddaşını yaradır. Peyvəndlər vasitəsilə infeksiya yaradan mikroorqanizmlərin və ya onların zəhərli maddələrinin zəifləmiş və ya öldürülmüş versiyalarını alır. Bu zaman immun sistem bu mikroorqanizmləri öyrənir və onları tanımağa başlayır. Yaddaş hüceyrələri həmin infeksiya ilə qarşılaşdığında daha sürətli və təsirli cavab verə bilir. Peyvəndlər orqanizmin müdafiə mexanizmlərini aktivləşdirir, amma xəstəlik yaradan tam infeksiya yaratmır. Bu, orqanizmin sağlam bir təcrübə ilə xəstəliklərə qarşı hazır olmasına imkan verir. Bununla da, kollektiv immunitet yaranır və cəmiyyətin böyük bir hissəsində xəstəliklərin yayılma ehtimalının azalmasına gətirib çıxarır. Beləliklə, epidemiyaların qarşısı alınır.
- Sağlam qidalanma immun sisteminə necə təsir edir?
- Sağlam qidalanma immun sisteminə böyük təsir göstərir. Çünki orqanizmin düzgün işləməsi üçün lazım olan bütün qida maddələrini təmin edir. Sağlam qidalanma vitaminlər, minerallarla zəngin olmalıdır, şəkər və yüksək qlikemik indeksi olan qidalardan az istifadə olunmalıdır. İşlənmiş qidalar da (konservlər və trans yağlar) immun sisteminin düzgün işlənməsini pozan amillərdəndir. Meyvə, tərəvəz və dənli bitkilər bağırsaq funksiyasını yaxşılaşdırdığı üçün immun sisteminin formalaşmasında mühüm rol oynayır.
- İmmun sisteminin fəaliyyətinə genetik faktorlar nə dərəcədə təsir edir?
- İmmun sisteminin gücü müəyyən dərəcədə genetik faktorlardan asılıdır. Genetik meyl və irsi faktorlar immun sisteminin necə işləyəcəyini, onun infeksiyalara necə cavab verəcəyini və müxtəlif xəstəliklərə qarşı nə qədər həssas olacağına təsir edə bilər. Lakin genetik faktorlar immun sisteminin gücünün müəyyən aspektlərinə təsir edir. Həyat tərzi, qidalanma, ətraf mühit və digər faktorlar da bu sistemə əhəmiyyətli dərəcədə təsir edə bilər.
- Fiziki aktivlik immuniteti gücləndirə bilərmi?
- Fiziki aktivlik immuniteti gücləndirir və onun düzgün işləməsini dəstəkləyir. Belə ki, fiziki məşqlər immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq və vücudun infeksiyalara qarşı müdafiə mexanizmini gücləndirmək üçün bir sıra müsbət təsirlər göstərir. Bundan əlavə, mütəmadi məşqlər xroniki iltihab səviyyələrini azaldır və qan dövranını yaxşılaşdırır. Nəticədə, immun hüceyrələri vücudun müxtəlif bölgələrində daha sürətli şəkildə fəaliyyət göstərir və infeksiyalara cavab verir, getdikcə bədənin stresə qarşı dözümlülüyünü artırır.
Bununla belə, həddindən artıq intensiv fəaliyyət immun cavabları zəiflədə bilər. Orta səviyyədə və nizamlı fiziki aktivlik immun sağlamlığını dəstəkləyir və ümumi sağlamlığa xidmət edir.
14:44 28.02.2025
Oxunuş sayı: 1190