Bu gün Nəsiman Yaqublunun doğum günüdür

Bu gün Bakı Dövlət Universitetinin professoru, tarix elmləri namizədi Nəsiman Yaqublunun doğum günüdür.
Nəsiman Qara oğlu Yaqublu 1962-ci il fevralın 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedərək Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub.
1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdaraq "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər", 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun banisi Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsinə həsr etdiyi "Xocalı qırğını" kitabını yazaraq 30 min tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika sahəsində də bir çox dəyərli əsərlərin müəllifi olmuşdur.
Nəsiman müəllim Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı önəmli tarixi faktları üzə çıxarmış, ard-arda yüzlərlə tarixi əsər qələmə almışdır. Tələbələrinin gözündə xarici görkəmcə ciddi, zəhmli, daxilən isə son dərəcə qayğıkeş və mülayim insan kimi qalmışdır. Dərsə gələrkən onun ritmik addım səsləri dəhlizlərdə eşidilər, hər kəs onun gəlişini hiss edərdi. Hər zaman tələsirdi, heç vaxt gecikmirdi, amma tələsirdi... Bu dəfə də tələsdi. Qarşıda keçəcəyi dərslər, yazacağı kitablar var idi. Lakin o, yenə də tələsdi...
Bu gün Nəsiman müəllim fiziki olaraq aramızda olmasa da, onun məhsuldar yaradıcılığı və elmi irsi daim yaşayacaq. Gələcək nəsillər də onun haqqında böyük ehtiramla danışacaq.
Doğum gününüz mübarək, Nəsiman müəllim!
Ayhan Ağarzayev
13:40 22.02.2025
Oxunuş sayı: 8159