“Qafqazın Xirosiması” kimi tanınan Ağdam şəhəri yenidən inşa edilir - RƏY

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın tarixi torpaqlarına qayıdışını simvolizə edir. Uzun illər Ermənistanın işğalı altında qalan bu ərazilər vandalizmə məruz qalsa da, bu gün Azərbaycan dövləti güclü siyasi iradə və strateji yanaşma ilə öz tarixi torpaqlarını dirçəldir. İnfrastruktur layihələri, beynəlxalq standartlara uyğun yollar, sənaye müəssisələri, təhsil və səhiyyə obyektlərinin inşası bu torpaqlara yeni həyat verir. Azərbaycan, işğal illərində dağıdılmış və talan edilmiş yurd yerlərini yenidən abadlaşdırmaqla, bölgənin gələcəyini möhkəm təməllər üzərində qurur.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişinin bariz nümunəsidir. Dövlət başçısının qətiyyətli siyasəti və strateji baxışı nəticəsində bu ərazilər sürətlə abadlaşır, müasir infrastruktur layihələri icra edilir, yeni şəhər və kəndlər salınır. Prezident İlham Əliyevin hər bir səfəri bu torpaqlara diqqətin və qayğının təzahürüdür, burada görülən işlər isə Azərbaycanın gücünü və iradəsini bütün dünyaya nümayiş etdirir.
Prezident İlham Əliyevin işğaldan azad olunan rayonlara səfəri ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov fikirlərini Crossmedia.az ilə bölüşüb: “Ermənistan silahlı qüvvələrinin işğalından azad edilən, separatçı-terrorçulardan təmizlənən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarımızda həyata keçirilən yeni-yeni layihələr bu torpaqların əsl sahiblərinə qayıdışından xəbər verir. Yeni infrastruktur inşa edilir, beynəlxalq əhəmiyyətli yollar çəkilir, mədəniyyət, təhsil, səhiyyə ocaqları ilə yanaşı zavod və fabriklərin, sənaye obyektlər ya istifadəyə verilir, ya da yenisinin təməli qoyulur. Azərbaycan 30 il ərzində Ermənistan tərəfindən dağıdılan, vandal yanaşma səbəbindən xarabalığa çevrilən, təbii sərvətləri talanan, məhv edilən bu əraziləri indi yenidən qurur, abadlaşdırır, dolayısı ilə dünyaya barbar və sivil xalqın fərqini anladır. Bəli, ermənilər bəşər tarixində misli-bərabəri olmayan vəhşilikləri işğal etdikləri Azərbaycan torpaqlarında həyata keçiriblər. Ermənilərin yerlə yeksan etdiyi, dünyada “Qafqazın Xirosiması” kimi tanınan Ağdam şəhəri də yenidən inşa edilən yurd yerlərimizdəndir”.
Deputat, Prezidentin səfərinin əhəmiyyətini vurğulayıb: “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgələrə səfərləri zamanı nümayiş etdirilən foto və videogörüntülər işğaldan azad edilən digər rayonlar kimi Ağdamın hansı zülmə məruz qaldığını bütün dünyaya nümayiş etdirir. Prezidentin xarici jurnalistlər üçün təşkil etdiyi mətbuat konfranslarının iştirakçıları, Azərbaycandakı diplomatik korpusun bu ərazilərə səfərlərdə iştirak edən nümayəndələri, Bakıda keçirilən müxtəlif beynəlxalq tədbirlərin qonaqları da erməni vəhşiliyinin canlı şahidi olublar. Beynəlxalq ictimaiyyət 44 günlük müharibədə möhtəşəm Qələbə qazanan Azərbaycanın azad edilmiş torpaqlara qayıdış üçün böyük dirçəliş işinə başlamasının da şahididir. Azərbaycan dövləti cansız torpaqlara çevrilmiş bu ərazilərə həyatı qaytarmaqda israrlıdır və insanlarımız da dövlətimizin başçısı tərəfindən aparılan uğurlu siyasəti dəstəkləyir və təqdir edir”.
Aydın Hüseynov Ağdamda həyata keçirilən layihələrdən danışıb: “Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna növbəti səfərlərində məqsəd də inşa edilmiş, tikilməkdə olan və layihələndirilən obyeklər barədə məlumat əldə etmək idi. İlk tanışlıq Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə bağlı olub. Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib. Təməli 2021-ci ilin mayında qoyulan məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Ağdam şəhər 1 nömrəli tam orta məktəb də bunun bir nümunəsidir. Təhsil ocağı şəhərə qayıdacaq şagirdlərin müasir standartlara uyğun təhsil almalarına xidmət edəcək”.
Ayhan Ağarzayev
20:18 19.02.2025
Oxunuş sayı: 4018