Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksəkvəzifəli nümayəndələrindən İrana gözlənilməz səfər
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksəkvəzifəli nümayəndələri regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bu gün İranın paytaxtı Tehranda görüş keçirəcəklər.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Məkkə Müdafiə Paktına üzv ölkələrin nümayəndələri iranlı rəsmilərlə regional təhlükəsizlik sahəsində əməkdaşlıq və fəaliyyətlərin əlaqələndirilməsi məsələlərini müzakirə edəcəklər.
Görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman, Pakistan ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının iştirakı gözlənilir.
Danışıqlar Səudiyyə Ərəbistanına qarşı hücumların intensivləşdiyi bir dövrdə baş tutacaq. Son vaxtlar Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücumları artıb.
Bildirilir ki, bu, hücumların intensivləşməsindən sonra Məkkə Müdafiə Paktının hər üç üzvü ilə İran arasında ilk yüksək səviyyəli görüş olacaq.
Xatırladaq ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı 2026-cı ilin avqustunda Məkkə Birgə Müdafiə Sazişini imzalayıblar. Sazişə əsasən, üzv ölkələrdən birinə silahlı hücum bütün tərəflərə hücum kimi qiymətləndirilir.
09:32 26.10.2026
Oxunuş sayı: 48