Türk Dövlətləri Təşkilatı: problemlər və perspektivlər

Türk Dövlətləri Təşkilatı (TDT) Avrasiya bölgəsində türk dövlətlərini və qeyri-tükr ölkələri əhatə edən beynəlxalq təşkilatdır. Bu təşkilatın ümumi məqsədi, türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı təşviq etmək, həmçinin, region dövlətləri ilə iqtisadi əməkdaşlığa nail olmaqdır.
Türk dünyasının inteqrasiyası ilə bağlı ideyalar yeni deyil, XIX əsrə qədər uzanan bir düşüncə axınıdır. Ortaq mədəni dəyərlərə malik olan və türk dillərində danışan toplumlar bir araya gələrək bu fikri ortaya qoyurlar. 90-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmiş türk dövlətlərinin inteqrasiyası istiqamətində konkret addımlar atıldı. Bu kontekstdə Türkiyənin üzərinə götürdüyü missiya və təşəbbüslər danılmaz səviyyədədir. Türkiyənin türk dünyası ölkələri ilə əlaqələri əvvəlcə iqtisadi, ticari və mədəni, son dövrlərdə isə siyasi, hərbi və təhsil istiqamətlərində geniş vüsət almışdır.
Türk Dövlətləri Təşkilatının əsası 1992-ci ildə Ankarada keçirilən Türkdilli Ölkələrin Zirvə Toplantısı ilə qoyulmuşdur. 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış Naxçıvan Müqaviləsi ilə “Türk Şurası” kimi strukturlaşdırılmışdır. 2021-ci il tarixində keçirilən Türk Dövlətləri Təşkilatının 8-ci İstanbul Zirvə Toplantısında “Türk Dövlətləri Təşkilatı” (TDT) yenidən qurulmuşdur. Hal-hazırda təşkilatın üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, müşahidəçi qismində isə, Türkmənistan və Macarıstan vardır.
Təşkilatın Baş Katibliyi İstanbulda, türk dünyasının digər əlaqəli qurumlarla əməkdaşlıq qurumları olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Ankarada, Türkiyə Dövlətləri Parlament Assambleyası və Türk Mədəniyyəti və İrsi Fondu Bakıda, Beynəlxalq Türk Akademiyası Astanada yerləşir.
Türk Dövlətləri Təşkilatının dünyada geosiyasi yeri və rolu
Türk Dövlətləri Təşkilatı (TDT) dünyada mövcud olan regional əməkdaşlıq təşkilatlarından biridir. Dünyada iqtisadi və siyasi əməkdaşlığa əsaslanan bir neçə təşkilat vardır. Onların hamısı unikaldır və öz xüsusi məqsədləri və fəaliyyət sahələri var. Türk Dövlətləri Təşkilatı da dünyada olan çoxsaylı təşkilatlardan biridir.
Bu təşkilatların əksəriyyətinin məqsəd və məramına diqqət yetirəndə görürük ki, onların əsas məqsədi, müstəqilliyi, iqtisadi birliyi və inkişafı təmin etməkdir. Həqiqətən də, hər bir ölkə öz müstəqilliyini təmin etmək üçün iqtisadiyyatını, iqtisadiyyatını inkişaf etdirmək üçün isə, ən azı bölgə ölkələri ilə iqtisadi inteqrasiyaya getməlidir. Məhz, iqtisadi inteqrasiya üzərində siyasi və mədəni əlaqələr də inkişaf edir. Yəni, iqtisadi maraqlar təmin olunmadan, siyasi və mədəni inteqrasiyanı təmin etmək mümkün deyildir. Lakin, iqtisadi birliyi təmin etmək üçün, sosial-iqtisadi inkişaf modeli və müasir texnologiyalar vacibdir. Sosial-iqtisadi inkişaf modelini və müasir texnologiyaları ortaya qoyan yerli elmi institutların və intellektual sosial bazanın olması zəruridir. Əks təqdirdə, qurulan bu təşkilatların varlığı formal xarakter daşıyacaqdır. Biz bu parametrlərlə mövcud təşkilatların varlığına nəzər yetirdikdə görürük ki, onların çoxu formal xarakter daşıyır.
Bu birliklərin yaradılması, çox vaxt imperiya yaratmaq və ya onu bərpa etmək məqsədlərinə xidmət edir. Məsələn, Rusiya MDB, KTMT və Aİİ kimi təşkilatları postsovet məkanını öz nəzarətində saxlamaq üçün yaratmışdır. Bu gün Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin çoxu bu təşkilatlarda təmsil olunurlar. Lakin, bu təşkilatların heç bir iqtisadi, siyasi və hərbi səmərəliliyi yoxdur. Çünki Rusiyanın bu gün postsovet məkanını bir araya gətirəcək nə universal bir ideologiyası, nə də təbii resursları emal edəcək texnologiyaları vardır. Artıq əvvəlki sosializm ideologiyası iflasa uğramışdır. Postsovet ölkələri artıq rus dili və rus mentaliteti üzərində deyil, öz milli və mənəvi dəyərləri üzərində inkişaf etmək istəyirlər. Bu baxımdan, MDB, KTMT və Aİİ kimi təşkilatlar günü-gündən öz əhəmiyyətini itirirlər.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Çinin Asiya məkanında öz hegemonluğunu iqtisadi yolla təmin etməyə yönəlibdir. Çin, Orta Asiya türk dövlətlərini Rusiyanın təsirindən çıxarıb öz iqtisadi və siyasi təsir dairəsinə salmaqda maraqlıdır.
Göründüyü kimi, Rusiya və Çin yeni yaratdıqları regional təşkilatlar vasitəsilə türk dövlətlərini öz təsir dairəsində saxlamaq uğrunda mübarizə edirlər.
Çin, Orta Asiyada (Türküstan), həmçinin, Əfqanıstan, Pakistan, İran ərazilərində öz yeni texnologiyaları ilə “Bir kəmər, bir yol” iqtisadi layihəsi çərçivəsində iqtisadi ekspansiya həyata keçirir. Çindən maliyyə asılılığında qalan bu ölkələr tədricən onun siyasi diqtəsi altına düşür və sonra uzunmüddətli mədəni inteqrasiya planları həyata keçirilir. Lakin, Çinin müsəlman türk xalqlarını mədəni şəkildə inteqrasiya etməsi mümkün görünmür. Çünki islam dəyərləri ilə Çinin mədəni dəyərləri arasında dərin ziddiyyət vardır. Lakin, Çin, Türküstanda İslam dininin deyil, tanrıçılığın və sufizmin yayılmasında maraqlıdır. Çünki tanrıçılıq və sufizm baxışları ilə daosizm, buddizm arasında ortaq kəsişmə nöqtələrini tapmaq mümkündür. Onları birləşdirən ümumi konsepsiya neoplatonik panteizmdir.
Rusiyanın Orta Asiyada və Qafqazlarda varlığını qoruyub saxlayan hərbi imperiya maşını idi. Lakin, SSRİ-nin süqutundan sonra bu maşın zəiflədi. Lakin, Rusiya son 200 ildə Orta Asiyada və Qafqazlarda rus dilinin yayılması ilə həyata keçirdiyi ruslaşdırma siyasəti, onun bölgədə bir imperiya kimi qalmasını təmin edir. Postsovet məkanında olan bütün türk-müsəlman xalqları rus dili vasitəsilə bir-biri ilə əlaqə qurur. Bu isə, bölgədə Rusiyanın güclənməsinə xidmət edən subkültür rusdilli təbəqənin genişlənməsinə şərait yaradır.
Avrasiya bölgəsində mövcud olan zəngin təbii resurslara sahib çıxmaq istəyən əsas güclərdən biri və birincisi Qərbdir. Çünki Rusiya və Çindən fərqli olaraq, Qərb imperializmi özünün ideologiyası, yeni texnologiyaları, böyük maliyyə resursları ilə bölgəyə daxil olmağa və öz rəqiblərini (Rusiya, Çin) sıradan çıxarmağa çalışır. Təbii ki, Avrasiyada Qərbin öz məqsədlərinə çatması üçün, dəstək verə biləcəyi dövlətlərin varlığı zəruridir. Bu dövlətlər, Çin və Rusiyanı ətrafdan əhatə edən postsovet türk dövlətləri və onların daxildə separatçılıq üçün istifadə oluna bilən etnik birliklərdir (Çində uyğurlar, Rusiyada çoxsaylı türk xalqları). Bu baxımdan, Türk Dövlətləri Təşkilatının və Turanın meydana çıxması Qərbin mövcud durumda geosiyasi maraqlarına cavab verir.
Lakin, Qərb yekdil deyil, dualistdir. Əslində, Avrasiya və Afrika bölgəsində gedən savaşların, münaqişələrin təməlində bu dualizm dayanır: Avropa Birliyinin timsalında liberalizm və Böyük Britaniyanın himayəsi altında olan tradisionalizm.
Bu gün Fransa liberalizmin qalası rolunda çıxış edir. Böyük Britaniya və qismən respublikaçı ABŞ-nın himayəsi altında olan anqlo-sakson tradisionalizmi Türk Dövlətləri Təşkilatı vasitəsilə Avrasiya bölgəsində yeni nizam yaratmağa çalışır.
Türk dünyasında ortaq dil məsələsi
Türk dünyasında ümumi ünsiyyət dilinin Türkiyə türkcəsi olması məsələsi daha real görünür. Bu 20 illik dövr ərzində Türkiyə türkcəsinin postsovet məkanında getdikcə daha çox danışıldığı müşahidə olunur. Türkiyədə türkcənin ünsiyyət dili olaraq seçilməsi türklər arasında 20 illik inteqrasiya prosesinin təbii axını və zərurəti kimi ortaya çıxdı. İndi məsələ ortaq ünsiyyət dili kimi seçilmiş dilin fəaliyyət mühitlərini müəyyən etmək, onu həm elmi, həm də praktiki cəhətdən inkişaf etdirmək və gücləndirmək yollarını axtarmaq lazımdır.
Bu qədər böyük coğrafiyaya və bu qədər böyük əhaliyə malik bir cəmiyyətin daxildən və eyni kökdən olan bir dilin daxili ünsiyyət və xarici təmsilçiliyə imkan verməsindən daha təbii bir şey ola bilməz. Türk dünyası ilə əlaqələrin get-gedə artacağı nə qədər dəqiqdirsə, ortaq bir ünsiyyət vasitəsinə ehtiyac da bir o qədər dəqiqləşir. İngilis dilinin yanında Türkiyə türkcəsini öyrənmə meylinin artması, bölgədə rus dilinə rəqabəti gücləndirir. Türkcənin öyrənilməsi Türkiyənin beynəlxalq aləmdəki nüfuzunu, siyasi, iqtisadi və hərbi gücünü artırır.
Türkiyə türkcəsi türk dünyasında ən çox danışılan dildir (43%). Türk dünyasında ən çox danışılan ikinci və üçüncü dillər azərbaycan (15%) və özbək dilləridir (14%). Türkiyə türkcəsi ümumi türkcənin əsas nümayəndəsi kimi beynəlxalq ədəbiyyatda ən çox tədqiq olunması və dünya dillərinin əksəriyyətinin tərcümə lüğətlərinə və qrammatikasına malik olması, onu nəzəri və praktiki cəhətdən nümunə kimi götürməyi zəruri edir.
Ədəbi və elmi kitabların tərcüməsi, birgə jurnalların nəşri də vacibdir. Çünki bir çox dillərin damarı olmağa namizəd olan bir dilin kapilyarlarını başqa dillər əmələ gətirir və onu daim qidalandırır. Türk dünyasında yox olmaq ərəfəsində olan çoxlu dillər var. Ümumi ünsiyyət dili bu dillərə çox kömək edəcəkdir. Türk dili ilə milli dillər arasında müxtəlif məqsədlər üçün lüğətlərin hazırlanması, bu dillərin lüğət tərkibinin tam açılmasına və funksional strukturunun genişlənməsinə səbəb olacaqdır. Türkiyə universitetləri arasında bakalavr tələbələrinin mübadiləsi, magistr və doktorluq dissertasiyalarının müdafiəsi və prinsiplərdə bərabərliyin həlli, ortaq kurs proqramlarının həyata keçirilməsi də bir çox maneələri aradan qaldıracaqdır.
Türkiyə türkçəsi türk dünyasında ümumi dil kimi qəbul edilməsi, digər türk dillərinin ortadan qalxması demək deyildir. Bu proseslər paralel şəkildə davam edəcəkdir. Bu paralellik, uzun bir tarixi inkişaf nəticəsində türk dillərinin bir-biri ilə kəsişməsini və ortaq dilin formalaşmasını təmin edəcəkdir. Ortaq dilin formalaşması onilliklərlə vaxt aparacaqdır. Türk dünyasında Türkiyə türkcəsinin ümumi danışıq dili kimi qəbul edilməsi, azərbaycan dilinin də genişlənməsinə səbəb olacaqdır. Çünki hər iki türkçə oğuz qrupuna daxildir və onlar türk dilləri içində bir-birinə ən yaxın olan dillərdir. Ümumi türk dilinin yayılması üçün, türk dövlətlərinin orta məktəblərində ingilis dili ilə yanaşı türk dilinin geniş tədrisinə və bu dilin imtahanlara salınmasına ehtiyac vardır.
Türk dünyasında dini birlik və mədəni inkişaf məsələsi
Bu gün, həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi türk-müsəlman ölkələrinin bir araya gəlməsi və inkişaf etməsi üçün böyük tarixi fürsətdir. Çünki orta əsrlərdə inkişaf etmiş İslam sivilizasiyası bu layihə üzərində gerçəkləşmişdir. “Bir kəmər, bir yol” layihəsi müstəvisində türk-müsəlman ölkələrinin bir-biri ilə sosial-iqtisadi, sosial-mədəni və siyasi əlaqələri daha da güclənəcəkdir. Bu əlaqələr İƏT çərçivəsində inkişaf edərək müsəlman dövlətlərinin siyasi-hərbi, iqtisadi birliyi şəklində inkişaf etdirilə bilər. Bu iqtisadi məkanda vahid pul sisteminin yaradılması imkanları da genişdir. Təbii ki, bu proseslərin ardınca insan resurslarının inkişafına şərait yaradan elm-təhsil sisteminin irəliyə aparılması, innovativ texnologiyaların yaradılması istiqamətində elmi mərkəzlərin formalaşdırılması mümkündür. Lakin, bu birliyin bazisini, müsəlmanların məzhəb, təriqət, irq, qəbilə, etnik mənsubiyyət təəssübkeşliyindən qurtularaq, onların fövqündə vahid müsəlman sivilizasiyası identikliyi təşkil etməlidir. Əks təqdirdə, bu layihənin keçdiyi ərazilərdə yaşayan sünni və şiə, türk, kürd, ərəb, fars xalqları bir-biri ilə çəkişərək layihənin gerçəkləşməsinə mane olacaq və yenidən bu separatçılığı bölgədə körükləyən dövlətlərin işğalına məruz qalacaqlar.
Azərbaycan islam həmrəyliyinin inkişaf etdirilməsi istiqamətində Türkiyə ilə bərabər lider rol oynayan bir ölkədir. Bakıda İslam həmrəyliyi oyunlarının və digər tədbirlərinin yüksək səviyyədə keçirilməsi, Azərbaycanın İƏT-da bütün tədbirlərində fəal iştirak etməsi, Azərbaycanda məzhəblərin vəhdəti istiqamətində nailiyyətlərin əldə edilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin hüquqları pozulan müsəlman əhalisinin mövqeyini beynəlxalq səviyyədə müdafiə etməsi və digər bu kimi fəaliyyətlər bunu təsdiq edir.
Azərbaycan və Türkiyənin beynəlxalq “Bir kəmər, bir yol” layihəsində birgə fəaliyyətləri müsəlman ölkələrinin perspektiv inkişafı və həmrəyliyi, həmçinin Avroasiya məkanında sülh və inkişaf istiqamətində atılan fundamental addımlar kimi dəyərləndrmək olar.
Şiə və sünnü qarşıdurmasından çıxış edən qrupların bir cəmiyyətdə və ya bir regionda birgəyaşayışı mümkün deyildir. Çünki bir-birini istisna edən qrupların bir arada olması daima münaqişələrin əsas səbəbi olacaqdır. Belə bir modelin mövcud olduğu istənilən cəmiyyət, kənardan atılan bir qığılcıma bənd olan bir barıt cəlləyi kimidir. Yaxın Şərqin bir çox cəmiyyətlərində bunun bariz nümunəsini görmək mümkündür. İslam mədəniyyəti daxilində bir-birini istisna edən antoqonist yanaşmalar terrorizmin, separatizmin əsas mənbəyidir.
İslam həmrəylinin gücləndirilməsi üçün, ilk öncə onun elmi-nəzəri əsasları hazırlanmalıdır. İslam həmrəyliyi istiqamətində aparılan elmi tədqiqatlar şiə və sünnü məzhəbləri arasında uydurulan ziddiyyətlərin ortadan qaldırılmasına, Qurani-Kərimin ortaq dəyər olmasını təmin etməyə xidmət göstərməlidir. Bunun üçün, bir çox tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır:
1.Bir çox müsəlman ölkələrində İslam həmrəyliyi elmi araşdırma mərkəzlərinin, diskurslarının yaradılması və onlar arasında elmi-təşkilati koordinasiyanın təmin olunması üçün İƏT və TDT çərçivəsində “İslam Həmrəyliyi Alimlər Birliyi” təşkilatının yaradılması;
2.Azərbaycanda “İslam həmrəyliyi” Elmi-Tədqiqat Mərkəzinin yaradılması və burada, İslam dininin, Quranın ənənəvi rəmzi və hərfi təfsirləri fövqündə yeni metodoloji əsaslarla araşdırılmasının təmin edilməsi;
3.Yaradılan elmi mərkəzlər arasında mütəmadi beynəlxalq konfranslar, dəyirmi masalar, elmi müzakirələrin aparılması, kollektiv tədqiqat işlərinin yazılması, jurnalların çap olunması, internet televiziyasının və internet səhifələrinin yaradılması.
İƏT-də bir araya gələn 57 müsəlman ölkəsi birgə sosial-iqtisadi, siyasi və mədəni qərarların verilməsinə, birgə layihələrin həyata keçirilməsinə müəyyən qədər nail olurlar. Lakin, araşdırmalar göstərir ki, müsəlman ölkələrinin həmrəyliyi və müasir sivilizasyon inkişafı istiqamətində həll olunmayan problemlər daha çoxdur.
1.6 milyard nüfusa malik olan müsəlmanlar dünya əhalisinin təqribən 4/1-ni təşkil edirlər. Tarixi müharibələr, irşad missiyaları və immiqrasiya prosesləri nəticəsində müsəlmanlar dünyanın bütün istiqamətlərinə yayılmışlar. Bu gün, Qərb ölkələrində və Rusiyada yaşayan müsəlmanlar əsasən həmin cəmiyyətlərin sosial-iqtisadi inkişafını təmin edən ucuz işçi qüvvəsi qismində iştirak edirlər. Müsəlmanların demoqrafik baxımdan sürətli inkişafı və konservativliyi, dünyanın müxtəlif mültikultural cəmiyyətlərində müsəlman identikliyinin sosial-demoqrafik dominantlığını təmin edir. Lakin, əksər müsəlmanların savadlılıq səviyyəsinin aşağı olması, onların müxtəlif məzhəb, təriqət, etnik mənsubiyyət identikliklərinin “müsəlman kimliyi” üzərinə çıxması, müsəlmanların məskunlaşdığı cəmiyyətlərin sosial-siyasi və mədəni həyatına təsir etmək imkanlarını məhdudlaşdırır. Bu baxımdan, müxtəlif ölkələrdə olan müsəlman ölkələrinin səfirlikləri, diasporaları, məscidləri, həmin cəmiyyətdə yaşayan müsəlmanların birliyi, təşkilatlanması, peşəkarlığı və savadlılığı istiqamətində strateji fəaliyyət proqramlarına malik olmalıdırlar. Bu istiqamətdə TDT və İƏT-nın daxilində İslam Həmrəyliyi Koordinasiya Şurasınının yaradılması məqsədəuyğundur.
Bu gün, dünya enerji qaynaqlarının böyük qismi müsəlman ölkələrinin payına düşməsinə və müsəlman ölkələri əhalisinin orta hesabla 70-80% əmək qabiliyyətli gənc və cavan insanlardan təşkil olunmasına baxmayaraq, dünyanın ən yoxsul 48 ölkəsindən 22-i müsəlman ölkələrinə aiddir. İslam coğrafiyasında olan insanların 67%-nin ümumi illik gəliri 500 ABŞ dollarından aşağıdır. 57 müsəlman ölkəsində ümummilli gəlir təqribən 4 trilyon dollar olduğu halda, yalnız Yaponiyada ümummilli gəlir təqribən 3.8 trilyon dollardır. 2009-cu ildə dünya iqtisadiyyatında payına (ÜDM) görə, ABŞ 24.6%, Yaponiya 8.7%, Almaniya 8.5%, 57 İƏT ölkəsində isə 7.2% təşkil etmişdir.
Müsəlman ölkələrinin öz aralarında da böyük fərqlər vardır. Məsələn, ümummilli gəlir səviyyəsinə görə Türkiyə 821 milyard dollarla birincidir. Biz, Türkiyə ilə Yəməni, bir çox Afrika müsəlman ölkələrini müqayisə edə bilmərik. Müsəlman ölkələrinin iqtisadi inkişafında olan problemlər və onların öz arasında olan kəskin fərqlər, müsəlman ölkələrinin transmilli maliyyə mərkəzlərindən (DB, BVF) asılılığını artırır və onların bir-biri ilə sosial-iqtisadi inteqrasiyasına mane olur. Maliyyə və iqtisadi baxımdan asılı ölkələrin liderləri öz siyasi iradələrini də itirirlər. Bunun qarşısını almaq üçün, müsəlman ölkələrinin alternativ iqtisadi modelə keçməsi və ortaq valyuta əsasında ticarət əlaqələrini qurması vacibdir.
Bu gün, müsəlman ölkələri elm və təhsil sahəsində də çox geridədirlər. Dünya müsəlmanlarının yarısından çoxu savadsızdırlar. İƏT-nın 57 ölkəsi ərazisində fəaliyyət göstərən cəmi 500 universitet vardır (təqribən 3 milyon nəfərə 1 universitet düşür). ABŞ-da isə, 5758 universitet vardır (hər 57 min nəfərə bir universitet). Müsəlman ölkələrində olan universitetlərin əksəriyyəti öz təhsil səviyyəsinə görə sonuncu yerlərdə qərar tuturlar. Çünki müsəlman ölkələrində orta hesabla ümummilli gəlirin 0.2%-i elm sahəsinə ayrılırsa, Qərb ölkələrində bu göstərici 5%-dir. Buna görə də, yüksək texnologiyalı məhsulların ixracında Sinqapur 58%, müsəlman ölkələrində isə orta hesabla 0.2%-0.3% təşkil edir.
Müsəlman ölkələrin təbii resurs imkanlarını 70-80% təşkil edən əmək qabiliyyətli insanların elm-təhsil səviyyəsinin yüksədilməsinə, insan resurslarının inkişaf etdirilməsinə sərf olunması üçün, elm-təhsil sahəsinə qoyulan investisiyaların həcmi bir neçə dəfə artırılmalı və müasir texnologiyaların inkişaf etdirilməsi istiqamətində sərmayələr qoyulmalıdır. Bu işlərin görülməsini təmin etmək üçün, elmin təşkili məsələlərini yüksək standartlara uyğunlaşdırmaq və dünyadakı beyin axını istiqamətini müsəlman ölkələrinə cəlb etməyin yollarını düşünmək lazımdır. Bunun üçün müstəqil iqtisadi siyasətin gerçəkləşdirilməsi və böyük siyasi iradənin ortaya qoyulması şərtdir. Azərbaycanın insan resursları sahəsində müəyyən uğurlar əldə etdiyini nəzərə alsaq, onun müsəlman ölkələrinin elm-təhsil və müasir texnologiyalar məzkəzinə çevrilməsinə şərait yaratmaq olar. Bunun üçün, bir çox zəngin ərəb ölkələrinin (Məsələn, Qətərin) bu istiqamətdə Azərbaycana investisiya qoyması daha doğru olardı. Müsəlman ölkələrində elm-təhsil səviyyəsinin yüksəlməsi, onlar arasında sosial-mədəni inteqrasiyanın daha da güclənməsinə, müsəlman ölkələrinin mühüm bir sivilizasiya mərkəzinə çevrilməsinə şərait yaradar.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
23:44 18.02.2025
Oxunuş sayı: 24788