DİM Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirir - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.
Bu barədə DİM-dən məlumat verib.
İmtahanın keçirilməsi üçün 2 bina, 3 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 19 nəzarətçi və 4 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Nəticələr “Danışıq bloku” imtahanı keçiriləndən iki həftə sonra elan olunacaq.
Fevralın 16-da keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan fevralın 19-da keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.
Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı fevralın 17-də keçiriləcək.(Report)
XXX
08:07
Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı təşkil edir.
DİM-dən verilən məlumata görə, imtahanda 215 namizədin iştirakı nəzərdə tutulur. Sınaq saat 11:00-da başlayacaq, saat 10:45-də isə binaya giriş başa çatacaq. Bu saatdan sonra gələn iştirakçılar imtahan zalına buraxılmayacaq.
İddiaçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarına, son 1 saat 30 dəqiqəsi isə yazılı tapşırıqlara (esse və vizual məlumatın təsviri) ayrılacaq. Test və yazı blokları arasında 15 dəqiqəlik fasilə nəzərdə tutulub.
İmtahan prosesinin təşkilinə 2 imtahan binası, 3 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 21 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı cəlb olunub.
Bu gün keçirilən imtahan dörd əsas blokdan ibarətdir: dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı. Bu imtahanda iştirak etməyənlər danışıq bloku üzrə sınağa buraxılmayacaq.
Danışıq bloku üzrə imtahan fevralın 19-da təşkil olunacaq. İlk dörd blokdan 30 və daha çox bal toplayan, lakin danışıq imtahanında iştirak etməyən namizədlər şəhadətnamə ala bilməyəcəklər.
Xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında hər bir test tapşırığı bir balla qiymətləndirilir və səhv cavablar nəticəyə təsir etmir. Yazı və danışıq blokları 10 ballıq şkala üzrə dəyərləndirilir. Maksimum 50 bal toplamaq mümkündür. İmtahandan keçmək üçün namizədlər hər blokdan minimum 20 faiz, ümumilikdə isə xarici dil imtahanından azı 30 bal, Azərbaycan dili imtahanından isə azı 25 bal toplamalıdırlar.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili və danışıq bloku üzrə imtahan fevralın 17-də keçiriləcək.
14:59 16.02.2025
Oxunuş sayı: 8153