İsrail ordusu Qərb sahilində hücumları genişləndirir: Tubas və Faria düşərgəsi hədəfdə
İsrail ordusu yüzlərlə əsgər və buldozerlərin müşayiəti ilə işğal altındakı İordan çayının Qərb sahilinə hücumlarını genişləndirməyə davam edir.
Crossmedia.az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, İsrail ordusu onlarla hərbi texnika və buldozerlərlə Tubas şəhərinə bağlı Tammun qəsəbəsi və Faria Qaçqınlar Düşərgəsinə basqın təşkil edib.
İsrail ordusu, işğal altındakı Qərb sahilində müxtəlif şəhərlərə hücumlarının 13-cü günündə basqın etdiyi iki bölgədə komendant saatı tətbiq edir.
Faria Qaçqınlar Düşərgəsində bəzi ailələrdən evlərini tərk etmələrini tələb edən İsrail əsgərləri, boşaldılmış evləri hərbi mövqe kimi istifadə edirlər.
Digər tərəfdən, Fələstin Qırmızı Aypara Cəmiyyəti tərəfindən verilən açıqlamada bildirilib ki, İsrail ordusu Faria düşərgəsində xəstə daşıyan təcili yardım maşınının hərəkətinə mane olub. Təcili yardım maşınını dayandıran İsrail əsgərləri avtomobilin açarını müsadirə edərək xəstənin xəstəxanaya aparılmasına imkan verməyiblər.
Bundan əlavə, Tubas şəhərinin Təhsil İdarəsi İsrail basqını səbəbindən Faria Qaçqınlar Düşərgəsində tədris prosesinin dayandırıldığını elan edib.
30 yanvar, cümə axşamı günü İsrail ordusunun Tammun qəsəbəsinə endirdiyi hava hücumu nəticəsində 10 fələstinli həyatını itirib.
Maral Şahverdili
23:51 02.02.2025
Oxunuş sayı: 258