Uqandada M çiçəyi virusuna qarşı vaksinasiya kampaniyasına başlanılıb
Uqandada M çiçəyi virusunun yayılmasının qarşısını almaq məqsədilə yeni tədbirlər görülür.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Africa CDC) tərəfindən bağışlanan 2 min doza peyvənd min nəfərə tətbiq edilməyə başlanılıb.
Uqanda Səhiyyə Nazirliyinin açıqlamasında 2024-cü ilin dekabrında keçirilən festivallar səbəbindən M çiçəyi virusu hallarının artdığı bildirilib.
Nazirlik əlavə edib ki, epidemiya ilə mübarizə çərçivəsində Kampalada yüksək risk qrupları və tibb işçiləri üçün vaksinasiya kampaniyasının ilk mərhələsi başlayıb.
Məlumatda 2024-cü ilin iyul ayından bəri 2 min 462 M çiçəyi virusu halının qeydə alındığı, indiyədək 16 nəfərin bu infeksiya səbəbindən həyatını itirdiyi qeyd edilib.
M çiçəyi virusu nədir?
M çiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş insanlardan keçə bilər. Virusun səbəb olduğu səpgilərə toxunmaq, bu səpgilərin bulaşdığı paltar, yataq dəsti, dəsmal və digər əşyaları istifadə etmək, eləcə də bədən mayeləri ilə təmas virusun əsas yayılma yolları arasındadır.
İlkin simptomlar virusa yoluxduqdan 5-21 gün sonra özünü göstərə bilər. Virus adətən yüksək hərarət, baş, bel və əzələ ağrıları, limfa düyünlərində şişkinlik, yorğunluq, üşütmə, titrəmə və suçiçəyinə bənzər dəri səpgiləri ilə müşayiət olunur.
Nihat Tahirov
21:11 02.02.2025
Oxunuş sayı: 317