CROSSMEDIA - Aİ ilk dəfə müdafiə zirvəsi keçirir – əsas gündəm nədir?
Dünya

Aİ ilk dəfə müdafiə zirvəsi keçirir – əsas gündəm nədir?

Avropa İttifaqı (Aİ) sabah ilk dəfə olaraq müdafiə mövzusunda zirvə toplantısı keçirəcək və bu sahədə Avropanın öz məsuliyyətini daha çox necə üzərinə götürə biləcəyini müzakirə edəcək.

Crossmedia.az xəbər verir ki, Aİ tarixində ilk dəfə müdafiə sahəsinə həsr olunmuş zirvə toplantısı təşkil edilir.

Qeyri-rəsmi xarakter daşıyan toplantıda hər hansı qərar qəbul olunmayacaq, lakin xüsusilə iyun ayında keçiriləcək və müdafiəyə xüsusi önəm verilməsi planlaşdırılan zirvədə qəbul ediləcək qərarlar üçün zəmin hazırlanacaq.

Aİ-yə üzv 27 ölkənin liderləri, Aİ Şurasının Prezidenti Antonio Kostanın rəhbərliyi ilə sabah gün boyu Brüsseldəki Eqmont Sarayında Avropanın müdafiəsinin gələcəyini müzakirə edəcək.

Zirvənin bir hissəsində NATO-nun Baş katibi Mark Rutte və Böyük Britaniyanın Baş naziri Keir Starmer də iştirak edəcək.

Aİ Komissiyasının Prezidenti Ursula fon der Lyayen, 1 dekabr 2024-cü ildə başlayan yeni 5 illik idarəetmə dövrünün ilk 100 günü ərzində müdafiə sahəsində “ağ kitab” (white book) hazırlayacağını elan etmişdi.

Fon der Lyayen ilk dəfə olaraq yeni komandasına müdafiədən məsul portfel daxil edib və bu vəzifəyə litvalı siyasətçi Andrius Kubiliusu təyin edib.

Kubilius ilə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallasın birlikdə hazırladığı sənəd əsasən Avropanın müdafiə sektorundakı potensialını, sənaye rəqabət qabiliyyətini və investisiya ehtiyaclarını əhatə edir.

Xüsusilə Rusiyadan gələn təhlükəyə qarşı Aİ-nin “müdafiə inteqrasiyası” siyasətini çərçivəyə salır.

Bunun üçün qitə miqyasında hava hücumundan müdafiənin gücləndirilməsi məqsədilə Avropa hava qalxanı, kibermüdafiə imkanları, Aİ-NATO arasında daha sıx əməkdaşlıq, üzv ölkələrin daha səmərəli və yüksək həcmdə müdafiə xərcləri ayırması, müdafiə təchizatında xarici asılılığın azaldılması kimi başlıqlarda təkliflər yer alır.


Maral Şahverdili

20:29 02.02.2025

Oxunuş sayı: 287

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR