CROSSMEDIA - Trump ticarət müharibəsinə başlayır: Kanada “udularsa”, sonrakı addımlar daha ağır ola bilər
Dünya

Trump ticarət müharibəsinə başlayır: Kanada “udularsa”, sonrakı addımlar daha ağır ola bilər

ABŞ və Kanada arasında ticarət müharibəsinin “ilk atəşləri açılıb”. 

Mütəxəssislərin fikrincə, Trampın məqsədi, həqiqətən, Kanadanı birləşdirməkdirsə, 25 faizlik tariflər sadəcə başlanğıcdır. 

Crossmedia.az CBC-yə istinadən xəbər verir ki, tammiqyaslı iqtisadi müharibə sanksiyalar, ticarət embarqoları, ixrac-idxal məhdudiyyətləri və hətta intellektual mülkiyyətin oğurlanması kimi daha sərt metodları əhatə edə bilər.

Tramp Kanadanın ABŞ üçün iqtisadi baxımdan əhəmiyyətli olmadığını iddia edir və sərhədi "süni xətt" adlandıraraq onun aradan qaldırılmasının milli təhlükəsizliyə fayda verəcəyini bildirir. Bu cür ritorika tarixçiləri və təhlükəsizlik ekspertlərini ciddi narahat edir.

Waterloo Universitetində yerləşən Beynəlxalq İdarəçilik İnnovasiya Mərkəzinin (CIGI) ekspertləri hesab edirlər ki, iqtisadi təzyiq müharibənin ilkin mərhələsidir və Kanada öz zəngin təbii sərvətləri və inkişaf etmiş texnologiyası ilə ABŞ üçün cəlbedici hədəfdir.

Tramp administrasiyası ticarət müharibəsini ABŞ-nin xəzinəsinə qazanc gətirən və vergi sistemini yenidən qurmağa kömək edən bir vasitə kimi görür. Kanada isə yüksək vergilər, məhsuldarlıq problemləri, siyasi dəyişikliklər və immiqrasiya çətinlikləri səbəbi ilə zəif görünür.

Tarixçi Kevin Bruşett bildirir ki, ABŞ-da bəzi dairələr Kanadanın birləşdirilməsini təbii proses kimi qəbul edirlər. XIX əsrdə Manifest Destiny ideologiyası məhz bu cür ekspansionist yanaşmanı təşviq edirdi. O dövrdə ABŞ-nin Kanadanı “udması” qorxusu ölkənin siyasi və iqtisadi qərarlarını formalaşdırırdı.

Kanadalı siyasətçilər hazırda ABŞ qanunvericilərini tariflərin hər iki iqtisadiyyata vurduğu zərərlə bağlı məlumatlandırmağa çalışırlar. Bruşettin fikrincə, bu ritorika genişləndirilməli və ABŞ-a Kanadanı birləşdirməyin onlara baha başa gələcəyi xatırladılmalıdır.

 Nabat Fərzəliyeva

18:07 02.02.2025

Oxunuş sayı: 348

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR