Zelenskidən etiraf: Rusiya hərbi üstünlüyə malikdir, ona görə də...
Ukrayna Prezidenti Volodimir Zelenski Associated Press-ə müsahibəsində ABŞ-nin keçmiş prezidenti Donald Trampın Rusiya rəhbərini danışıqlar masasına oturtmaq üçün sanksiyalarla təzyiq göstərə biləcəyini bildirib.
Crossmedia.az bildirir ki, onun sözlərinə görə, Ukrayna artıq yeni ABŞ administrasiyasının müşavirləri səviyyəsində bir neçə dəfə təmas qurub. Trampın nümayəndəsi Kit Kelloqun Kiyevə səfəri “hüquqi səbəblərə” görə təxirə salınıb. Bundan sonra isə xarici yardımların qəfil dondurulması Ukraynanın bir sıra layihələrinin dayanmasına səbəb olub.
Zelenski vurğulayıb ki, Rusiya hazırda hərbi üstünlüyə malik olduğu üçün sülhə hazır deyil. O, danışıqların yalnız ABŞ, Avropa İttifaqı (Aİ), Ukrayna və Rusiyanın iştirakı ilə çoxtərəfli formatda baş tuta biləcəyini qeyd edib.
Ukrayna lideri təhlükəsizlik zəmanətlərinin hərbi yardımı və ölkənin müdafiə sənayesinə dəstəyi əhatə etməli olduğunu bildirib. O, təhlükəsizlik təminatları olmadan Rusiya ilə istənilən sazişin yalnız yeni aqressiyanı gecikdirəcəyini vurğulayıb. Zelenski üçün NATO-ya üzvlük hələ də əsas prioritet olaraq qalır.
Prezident həmçinin Fransa Prezidenti Emmanuel Makronun Avropa hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsi təklifinin formalaşmağa başladığını, lakin komandanlıq strukturu, qoşunların sayı və yerləşdirilməsi ilə bağlı qeyri-müəyyənlik səbəbindən bu ideyanın hələ də suallar doğurduğunu bildirib.
Gültac Mehdizadə
17:51 02.02.2025
Oxunuş sayı: 303