Pekindən Vaşinqtona sərt cavab: “Qanuni hüquqlarımızı müdafiə edəcəyik”
ABŞ-dəki Çin səfirliyinin sözçüsü bildirib ki, Çin ABŞ-nin Çin mallarına idxal tarifləri tətbiq etməsini qəti şəkildə pisləyir və buna qarşı lazımi tədbirlər görəcək.
Crossmedia.az xəbər verir ki, “ABŞ fentanil məsələsini bəhanə edərək Çin idxalına əlavə 10% tarif tətbiq edib. Çin bu addımı qətiyyətlə pisləyir və öz qanuni hüquq və maraqlarını müdafiə etmək üçün zəruri əks tədbirlər görəcək”. – deyə sözçü bildirib.
Sözçünün sözlərinə görə, Çin narkotiklərlə mübarizə sahəsində həm siyasət, həm də icra baxımından dünyanın ən sərt mövqeyinə malik ölkələrindən biridir. “Fentanil problemi ABŞ-a aiddir. ABŞ bu məsələyə obyektiv və rasional yanaşmalı, digər ölkələri əsassız tarif artımları ilə təhdid etmək əvəzinə, öz daxili problemlərini həll etməlidir. Əlavə tariflər konstruktiv deyil və gələcəkdə iki ölkə arasında narkotiklərlə mübarizə əməkdaşlığına zərər vuracaq”. – deyə o vurğulayıb.
Şənbə günü ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadadan idxal edilən mallara 25% (Kanada enerji məhsullarına isə 10%) tarif, Çindən idxal edilən mallara isə əlavə 10% tarif tətbiq edilməsi barədə qərar verib. Bu tədbirlər 4 fevral tarixindən etibarən qüvvəyə minəcək.
Maral Şahverdili
15:23 02.02.2025
Oxunuş sayı: 313