İkipilləli doktorantura sistemi ləğv olunacaq? – NAZİRLİK AÇIQLADI
Azərbaycanda doktorantura təhsilinin ikipilləli sistemdən birpilləli sistemə keçirilməsi məsələsi yenidən gündəmə gəlib. Milli Məclisdə müzakirəyə çıxarılan bu dəyişiklik təhsil sahəsində geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, birpilləli sistemə keçid elmi dərəcələrin verilməsində beynəlxalq standartlara uyğunlaşmanı təmin etməklə yanaşı, mövcud bürokratik əngəlləri də aradan qaldıra bilər.
Təhsil eksperti İlqar Orucov Crossmedia.az-a açıqlamasında bildirib ki, doktoranturanın birpilləli olması məsələsini illərdir gündəmə gətirir və bu ideyanın beynəlxalq təcrübəyə əsaslandığını vurğulayır: “Doktoranturanın birpilləli olması ilə bağlı illərlə bu təşəbbüsü irəli sürmüşəm. Bu təşəbbüsü irəli sürərkən beynəlxalq təcrübəni də nəzərə almışam. Həmçinin bu fikirlə çıxış edərkən Azərbaycanın elmi və ali təhsil sisteminin qabaqcıl ölkələrin elm və ali təhsil sisteminə uyğunlaşdırılmasının vacibliyini vurğulamışam.
Hazırda Azərbaycanda doktorantura təhsili ikipilləlidir. Hesab edirəm ki, bu sistem kifayət qədər bürokratik maneələri özündə birləşdirir və bu da elmi fəaliyyətə maneələr yaradır. Bu baxımdan düşünürəm ki, doktorantura təhsili mütləq birpilləli olmalıdır.
Ümumiyyətlə, doktoranturanın ikipilləli olması daha çox sovet dövründən qalan bir yanaşmadır. O zaman doktoranturanın birinci pilləsi aspirantura, ikinci pilləsi isə elmlər doktorluğu adlanırdı. Daha sonra aspiranturanın adını dəyişib doktorantura – yəni fəlsəfə doktorluğu proqramı adlandırdılar, lakin elmlər doktorluğu proqramını saxladılar. Bu dəyişiklik yalnız adla məhdudlaşdı, mahiyyət isə əvvəlki kimi qaldı.
Buna görə də hesab edirəm ki, doktorantura təhsili birpilləli sistemə keçməlidir. Bu keçid təkcə bürokratik maneələri aradan qaldırmayacaq, eyni zamanda Azərbaycanın elmi adların və elmi dərəcələrin verilməsi ilə bağlı beynəlxalq standartlara uyğunlaşmasına şərait yaradacaq”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən də Crossmedia.az saytına açıqlama verilib. Açıqlamada qeyd olunub ki, hazırda bu mövzu ətrafında geniş müzakirələr aparılır: “Bildiririk ki, beynəlxalq təcrübəyə əsasən, doktorantura səviyyəsi əksər ölkələrdə birpilləli sistem kimi təşkil olunub. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır”.
Nazirlik bu prosesin necə tənzimlənəcəyi və hansı addımların atılacağı barədə əlavə məlumat verməyib. Lakin aparılan müzakirələr onu göstərir ki, doktorantura təhsilində ciddi dəyişikliklər gözlənilir.
Maral Şahverdili
12:59 01.02.2025
Oxunuş sayı: 2016