Cross Media Təhlil Mərkəzinin təklifi reallaşır - Beynəlxalq Türk Universiteti

Bir neçə həftə əvvəl Crossmedia.az saytında Cross Media Təhlil Mərkəzinin “Beynəlxalq Türk Universiteti - Türk Dünyasının gücü” başlıqlı analitik məqaləsi çap olunub. Məqalədə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsi, türk dünyasının daha dərin inteqrasiyasından bəhs edilir.
Araşdırmada mədəni bağların gücləndirilməsi, türk dünyasının gələcək birliyi, texnoloji istiqamətdə inkişafı, Türk Dövlətləri Təşkilatının qlobal nüfuzunun artırılması və üzv ölkələrin potensial imkanlarının inkişafı baxımından Beynəlxalq Türk Universitetinin yaradılması ilə bağlı təklif irəli sürülüb. Bu təklif ictimaiyyət tərəfindən diqqət və maraqla qarşılanıb.
Crossmedia.az saytında çap olunan xəbərə görə, Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universitetinin açılacağı bildirilib. Xəbərə əsasən, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bununla bağlı artıq Fərman imzalayıb. Yeni təhsil ocağı 2025/2026-cı tədris ilində fəaliyyətə başlayacaq və özəl universitet kimi fəaliyyət göstərəcək. Əsas təhsil sahələrinə mühəndislik, tikinti, logistika, informasiya texnologiyaları, iqtisadiyyat, sosial elmlər, səhiyyə, kənd təsərrüfatı və qida sənayesi daxildir. Tədris proqramları Türkiyənin qabaqcıl universitetləri ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq.
Cross Media Təhlil Mərkəzinin təklifinin Azərbaycan və beynəlxalq səviyyədə dəstəklənməsi təqdir olunan haldır. Bu göstərir ki, Mərkəzin təqdim etdiyi analitik təhlillər və araşdırma yazılar cəmiyyət, ölkəmiz, eyni zamanda türk dünyası üçün faydalı nəticələrə gətirib çıxarır.
Fidan Hacızadə
17:35 28.01.2025
Oxunuş sayı: 7683