Qəzza zolağında atəşkəs kövrəkdir: “Sehrli çubuq” işə düşüb
Qəzza zolağında atəşkəs razılaşması əldə olunub. Bu barədə Misirin "Əl-Qahira Əl-İxbariya" telekanalı məlumat yayıb. Razılaşmanın vasitəçilərin intensiv səylərindən sonra bağlandığı bildirilir. "Əl-Cəzirə"nin məlumatına görə, atəşkəsin ilk mərhələsində 33 israilli girovun azad olunması və İsrailin hərbi qüvvələrini sərhəddən 700 metr geri çəkməsi nəzərdə tutulur. Razılaşmanın təfərrüatları və şərtləri barədə rəsmi açıqlama hələ gözlənilir.
Bu proses 2023-cü ilin oktyabrında HƏMAS-ın hücumları ilə kəskinləşən Yaxın Şərq böhranında mühüm addım kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Cross Media Təhlil Mərkəzinin analitiki, Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu qeyd edib ki, Qətərdə atəşkəslə bağlı əldə edilmiş razılaşmanın cəmi bir neçə saat sonra pozulması bir daha göstərir ki, münaqişənin davam etməsində maraqlı olan kifayət qədər ciddi qüvvələr mövcuddur: “Halbuki, dünən əldə edilən razılaşma neçə on illərdir davam edən bu qanlı münaqişənin həlli üçün müəyyən ümidlər yaratmışdı. Lakin məlumdur ki, Qəzza bölgəsində indiyə qədər dəfələrlə atəşkəs razılaşmaları əldə edilsə də, sonda tərəflərdən birinin irəli sürdüyü əlavə şərtlər səbəbilə bu razılaşmalar pozulub”.
V.Zifəroğlu vurğulayıb ki, Fələstin-İsrail münaqişəsinin illərdir həllini tapmayan əsas məsələləri – sərhədlərin müəyyən edilməsi, məcburi köçkünlərin geri qayıtma hüququ və Qüdsün statusu – tərəflər arasında uzunmüddətli atəşkəsin əldə olunmasını çətinləşdirir: “Eyni zamanda İsrail və Həmas arasında. Regionda marağı olan dövlətlər və beynəlxalq ictimaiyyətin mövqeləri də proseslərə təsir edir. Burada tərəflərin bir-birinə qarşı inamsızlığı ilə yanaşı, beynəlxalq güclərin təsiri də ciddi amil kimi qiymətləndirilməlidir”.
Analitik əlavə edib ki, bölgədə marağı olan qüvvələrin hər birinin bu münaqişə ilə bağlı fərqli strategiyaları və baxışları var: “Bu baxışlar isə çox vaxt bir-birinə ziddiyyət təşkil edir. Bununla belə, ümid edək ki, əldə edilən son razılaşmaya əməl ediləcək və Qəzza bölgəsində tezliklə atəşkəsə nail olunacaq”.
Nihat Tahirov
12:55 16.01.2025
Oxunuş sayı: 2669