Azərbaycanla BƏƏ arasındakı əməkdaşlıq müxtəlif sahələrdə qarşılıqlı inkişaf üçün yeni imkanlar yaradır - AÇIQLAMA

Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında mühüm görüş baş tutub. Tərəflər, ikitərəfli dostluq və qardaşlıq əlaqələrini yüksək qiymətləndirərək, siyasi və iqtisadi münasibətlərin mükəmməl səviyyədə olduğunu vurğulayıblar. Prezident İlham Əliyev Azərbaycanın COP29-a verdiyi töhfələrin və bu çərçivədə BƏƏ ilə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib. Görüş zamanı ikitərəfli, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu barədə Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanla BƏƏ arasında bir çox sahədə əməkdaşlıq mövcuddur. Deputat enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:
"2023-cü ildə SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Bu mühüm sənəd Dubayda keçirilən COP28 tədbiri çərçivəsində imzalanıb".
Deputatın sözlərinə görə, alternativ enerji sahəsində həyata keçirilən “yaşıl enerji” layihələri də iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətidir: "BƏƏ-nin “Masdar” şirkəti ölkəmizdə nəhəng günəş elektrik stansiyaları (GES) qurmuşdur ki, bu da MDB-nin ən böyük GES-i hesab olunur. COP28 və COP29 tədbirləri çərçivəsində ölkələr arasında əməkdaşlıq və təcrübə mübadiləsi mühüm rol oymayır. Dubayda keçirilən COP28 tədbirində əldə edilən təcrübə COP29-un təşkilinə böyük töhfə verib.Troyka formatında “COP28-COP30” - BƏƏ, Azərbaycan və Braziliya üçlüyünün qrupu yaradılmışdır. Bu formatla təkcə ekologiya sahəsində deyil, mədəniyyət, səhiyyə, təhsil, iqtisadiyyat və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı da genişləndirilmişdir".
Deputatın sözlərinə görə, COP29 tədbirində Azərbaycan və BƏƏ-nin təqdimatı xüsusi diqqət çəkib: "Mavi Zonada ölkə pavilyonları içərisində ən böyük pavilyon Azərbaycan və BƏƏ-yə məxsus idi. Noyabrın 11-də COP29-un ilk açılış günü Azərbaycan sədrliyi BƏƏ-dən aldı. Açılışda görülmüş işlər, qlobal nailiyyətlər və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması istiqamətində qarşıya qoyulan hədəflər vurğulandı".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı “Masdar” şirkətinin adını çəkməsi iki ölkə arasında mövcud olan müsbət əlaqələrin göstəricisidir.
P. Vəliyeva vurğulayıb ki, Azərbaycanla BƏƏ arasındakı əməkdaşlıq təkcə enerji sektorunda deyil, müxtəlif sahələrdə qarşılıqlı inkişaf üçün yeni imkanlar yaradır: "COP tədbirləri çərçivəsində formalaşan bu əlaqələr iki ölkə arasında strateji tərəfdaşlığı daha da gücləndirir".
Nihat Tahirov
09:14 15.01.2025
Oxunuş sayı: 8841