Aİ Kanadanın “ortaq üzvlüyü” təklifindən geri çəkilib
Avropa İttifaqı (Aİ) Almaniya və digər üzv ölkələrin etirazlarından sonra Kanadaya “ortaq üzvlük” statusunun verilməsi təklifindən geri çəkilərək daha sıx tərəfdaşlıq modelinə üstünlük verib.
Crossmedia.az xəbər verir ki, “Euronews” bu barədə Aİ–Kanada Zirvə Görüşünün birgə bəyanat layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniya, Fransa, İtaliya və Yunanıstan Kanadaya “ortaq üzvlük” statusunun verilməsinə etiraz ediblər.
Etirazlardan sonra birgə bəyanatın yenilənmiş layihəsindən “ortaq üzvlük” ifadəsi çıxarılıb. Onun əvəzinə Aİ ilə Kanada arasında daha sıx tərəfdaşlığın qurulması nəzərdə tutulub.
Qeyd olunur ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabr ayında Kanadaya Aİ-nin ilk “ortaq üzvü” olmaq təklifini irəli sürmüşdü.
Lakin bir sıra üzv dövlətlər bu statusun Aİ müqavilələrində nəzərdə tutulmadığını və hüquqi qeyri-müəyyənlik yarada biləcəyini bildiriblər.
Kanadanın Baş naziri Mark Karni isə tərəfdaşlığın adından daha çox onun praktiki məzmununa əhəmiyyət verdiyini vurğulayıb.
Tərəflərin yeni əməkdaşlıq modelinin çərçivəsini 2027-ci ildə keçiriləcək növbəti Aİ–Kanada Zirvə Görüşünədək müəyyənləşdirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Aİ–Kanada Zirvə Görüşü oktyabrın 29–30-da Monrealda keçirilir.
17:15 29.10.2026
Oxunuş sayı: 49