İspaniyada qatar qəzasında ölənlərin sayı 69-a çatıb
İspaniyanın Toledo şəhəri yaxınlığında iki yüksəksürətli sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 69-a yüksəlib.
Crossmedia.az xəbər verir ki, Kastiliya-La-Mança muxtar regionunun hökuməti bu barədə məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, xəstəxanada müalicə alan yaralılardan birinin həyatını itirməsi nəticəsində ölənlərin sayı 69-a çatıb.
Qəza zamanı tibbi yardıma ehtiyacı olan 110 nəfərdən 60-ı xəstəxanadan buraxılıb, 50 nəfərin müalicəsi davam etdirilir. Ağır yaralanmış 4 nəfərin səhhətində isə yaxşılaşma müşahidə olunur.
Həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Məlumata görə, qəza zamanı qatarlarda ümumilikdə 544 sərnişin olub. Onların arasında Çin, Yaponiya, Filippin və İtaliya vətəndaşları da yer alıb. Ölənlərdən birinin Argentina vətəndaşı olduğu müəyyən edilib.
Həlak olanlar arasında 2011–2018-ci illərdə İspaniyada əmək və sosial təminat, eləcə də səhiyyə naziri vəzifələrində çalışmış Mariya Fatima Banyes Qarsiya da var.
Faciə ilə əlaqədar İspaniyada elan edilmiş üçgünlük matəm oktyabrın 29-da başlayıb.
Baş nazir Pedro Sançes Toledoda Fövqəladə Hallar üzrə Əməliyyat Koordinasiya Mərkəzində (CECOPI) keçirilən iclasdan sonra bildirib ki, hökumət qəzanın bütün təfərrüatlarının araşdırılması və dəmir yolu təhlükəsizliyinin gücləndirilməsi üçün fəaliyyətini davam etdirəcək.
Sançes nəqliyyat naziri Oskar Puenteyə dəstəyini ifadə edib və xilasetmə əməliyyatlarına qatılan, o cümlədən hərbçilərin də daxil olduğu 827 nəfərə təşəkkür edib.
Qeyd edək ki, qəza oktyabrın 28-də Toledo yaxınlığındakı Urda və Los Yebenes yaşayış məntəqələri arasında baş verib. Hadisə ilə əlaqədar Madrid–Əndəlüs xətti üzrə qatar biletlərinin satışı dekabr ayınadək dayandırılıb.
Hadisə yerində dağıntıların təmizlənməsi davam edir. Əraziyə iki kilometrədək məsafədə görüntü çəkilişinə məhdudiyyət qoyulub.
İlkin rəsmi açıqlamalarda qəzanın əsas idarəetmə mərkəzində insan səhvi nəticəsində baş verdiyi bildirilir. Bununla belə, hadisənin səbəbləri ilə bağlı araşdırma hələ yekunlaşmayıb.
18:07 29.10.2026
Oxunuş sayı: 52