Azərbaycan yaşıl enerji sahəsindəki nailiyyətlərini Zaqrebdə təqdim edib
Azərbaycan "Zaqreb Yaşıl Enerji Sərgisi 2026" çərçivəsində keçirilən konfransın panel müzakirələrində iştirak edib və ölkənin yaşıl keçidin irəlilədilməsi sahəsindəki nailiyyətləri barədə məlumat verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov "X" sosial şəbəkə hesabında yazıb.
"Zaqreb Yaşıl Enerji Sərgisi 2026" çərçivəsində keçirilən konfransın panel müzakirələrində iştirak etməkdən məmnun oldum", - o bildirib.
Müzakirələr zamanı Azərbaycanın yaşıl keçidin irəlilədilməsi sahəsindəki nailiyyətləri, o cümlədən bərpa olunan enerjinin genişləndirilməsi, ölkənin iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə verdiyi töhfə vurğulanıb: "Eləcə də Azərbaycanla Avropa İttifaqı, xüsusən də Xorvatiya arasında enerji əməkdaşlığının hazırkı vəziyyətini və gələcək perspektivlərini vurğuladım.
Mən Yaşıl Enerji Dəhlizi (Xəzər dənizi - Qara dəniz - Avropa) layihəsinə xüsusi diqqət ayıraraq, iştirakçıları regional enerji bağlantısının gücləndirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm imkanlar barədə məlumatlandırdım".
18:14 29.10.2026
Oxunuş sayı: 56