İsraildə seçkilər: Fələstinli partiyalardan rekord nəticə
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərində səslərin 93 faizindən çoxunun hesablanmasından sonra Fələstin əsilli İsrail vətəndaşlarını təmsil edən partiyaların 19 deputat mandatı qazandığı açıqlanıb. Bu göstərici ərəb partiyalarının İsrail parlamentində indiyədək əldə etdiyi ən yüksək nəticədir.
Crossmedia.az xəbər verir ki, İsrailin “Kanal 12” televiziyası bu barədə məlumat yayıb.
İlkin nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hakimiyyət bloku 53, keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 deputat mandatı əldə edib.
Beləliklə, tərəflərdən heç biri 120 yerlik Knessetdə təkbaşına hökumət qurmaq üçün tələb olunan 61 deputat çoxluğunu təmin edə bilməyib.
Ayrı-ayrı partiyaların nəticələrinə görə, Netanyahunun rəhbərlik etdiyi “Likud” 26 mandatla birinci, Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” isə 21 mandatla ikinci yerdə qərarlaşıb.
Əvvəlki seçkilərdə 16 mandat qazanan Fələstin əsilli İsrail vətəndaşlarını təmsil edən partiyalar deputat sayını 3 nəfər artıraraq 19-a çatdırıb.
Yusif Cəbbarinin rəhbərlik etdiyi “Birgə Siyahı” və Mənsur Abbasın rəhbərlik etdiyi “Birləşmiş Ərəb Siyahısı” (“Raam”) partiyalarının nəticəsi parlamentdə hökumətin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
18:05 29.10.2026
Oxunuş sayı: 52