Körfəzdə neft ixracı artıb, qiymətlər yüksək qalır
Fars körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni müvəqqəti olaraq keçsə də, dünya bazarında qiymətlər yüksək olaraq qalır. “Brent” markalı neftin bir bareli təxminən 110 dollara satılır.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
“Kpler” şirkətinin məlumatına əsasən, oktyabrın 18-də başa çatan həftədə Fars körfəzindən gündəlik neft ixracı 24 milyon bareli ötüb. Müharibədən əvvəl isə bu göstərici 23,3 milyon barel təşkil edib.
Lakin sonradan ixrac həcmləri yenidən azalıb. Oktyabrın 26-da başa çatan həftədə gündəlik tədarük ən azı 15,7 milyon barelə düşüb.
Neft qiymətlərinin yüksək qalmasının əsas səbəbləri ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyi ilə bağlı narahatlıqlar, daşınma xərclərinin artması və qlobal neft ehtiyatlarının azalmasıdır.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, oktyabrın əvvəlində Körfəzdən Asiyaya neft daşınmasının qiyməti bir barel üçün təxminən 36 dollara çatıb. Bu, müharibədən əvvəlki göstəricidən beş dəfədən çoxdur.
Analitiklər hesab edirlər ki, regionda hərbi gərginliyin yenidən artması neft tədarükünü poza və qiymətlərə əlavə təzyiq göstərə bilər.
17:50 29.10.2026
Oxunuş sayı: 50