Bu şəxslər İstirahət Mərkəzində maraqlı və yaddaqalan həftəsonu keçirə biləcəklər
Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası (MR) Həmkarlar İttifaqları Şurasında ilk Həmkarlar İttifaqı Komitələri ilə görüş keçirilib.
Crossmedia.az Şuranın mətbuat xidmətinə istinadən xəbər verir ki, 200-ə yaxın həmkarlar üzvlərinin qatıldığı tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev bildirib ki, şura növbəti yeni layihəyə start verib. Şuranın İttifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15 faizini özü, qalan 85 faizini isə Həmkarlar İttifaqları Şurası ödəməklə həftənin şənbə və bazar günləri Ağbulaq İstirahət Mərkəzində maraqlı və yaddaqalan həftəsonu keçirəcəklər. Həmçinin gündə 3 dəfə qidalanmadan, kanat xəttindən, digər maraqlı və əyləncəli oyunlardan yararlanacaqlar.
Vurğulanıb ki, Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının belə layihələri reallaşdırmaqda əsas məqsədi ittifaq üzvlərini öz ətrafına toplamaq, həftəsonları onların asudə vaxtlarını səmərəli və mənalı təşkil etməkdən ibarətdir.
Bildirilib ki, Naxçıvan MR Həmkarlar İttifaqları Şurası fəaliyyəti, təşkilatçılığı və işgüzarlığı sayəsində muxtar respublikanın ən aparıcı və nüfuzlu təşkilatlarından birinə çevrilib.
Sonda tədbirdə iştirak edən respublika, şəhər və rayon Birləşmiş Həmkarlar İttifaqı, ilk Həmkarlar İttifaqı Komitələrinin müraciətlərinə baxılıb, onlara broşürlər təqdim edilib.
14:31 14.01.2025
Oxunuş sayı: 5219