Həkimin səhvi yeddi il sonra üzə çıxıb — FOTO
Rusiyanın Vladivostok şəhərində yaşayan qadın təxminən yeddi il ərzində dişində qalmış stomatoloji iynə ilə yaşayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, qadın uzun müddət davam edən soyuqdəymədən sonra həkimə müraciət edib. Müayinədən sonra həkimlər ona kompüter tomoqrafiyası (KT) təyin ediblər.
Müayinənin nəticələri gözlənilməz olub. Məlum olub ki, qadının dişində stomatoloqun unutduğu iynə, üst çənə ciblərindən birində isə diş plombunun bir hissəsi qalıb.
Qadın sonuncu dəfə təxminən yeddi il əvvəl dişlərini müalicə etdirdiyini xatırlayıb və yad cisimlərin həmin vaxtdan qaldığını ehtimal edib.
Hazırda qadının yad cisimlərdən xilas olmaq üçün ümumi anesteziya altında əməliyyat olunması tələb edilir. Onun əməliyyatı gələn ilin yanvar ayına planlaşdırılır.
Qeyd edək ki, bu, Rusiyada tibbi müdaxilə zamanı yad cismin insan orqanizmində unudulması ilə bağlı ilk hadisə deyil. Daha əvvəl qeysəriyyə əməliyyatı zamanı bədənində cərrahi iynə unudulan başqa bir qadın təxminən yeddi il həmin iynə ilə yaşayıb. Yad cisim yalnız qadın yıxılaraq kürəyini zədələdikdən sonra çəkilən rentgen müayinəsində aşkarlanıb.

07:14 22.11.2026
Oxunuş sayı: 131