Arıqlamaq istəyənlər üçün iki sadə qidalanma vərdişi açıqlanıb
Səhər yeməyini daha erkən yemək və gecə saatlarında qida qəbuluna daha uzun fasilə vermək bədən çəkisinin azalması ilə əlaqəli ola bilər.
Crossmedia.az xəbər verir ki, bu nəticəyə Barselona Qlobal Sağlamlıq İnstitutunun və digər elmi qurumların tədqiqatçıları gəlib. Araşdırmanın nəticələri “International Journal of Behavioral Nutrition and Physical Activity” elmi jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində 40-65 yaş arası 7074 nəfərin məlumatları təhlil edilib. Alimlər iştirakçıların boy və çəkisini, gün ərzində ilk və sonuncu dəfə nə vaxt yemək yediklərini, qidalanma tezliyini, həmçinin axşam yeməyi ilə səhər yeməyi arasındakı müddəti araşdırıblar.
Nəticələr göstərib ki, günün ilk qida qəbulunu daha gec edən şəxslərdə bədən kütləsi indeksi daha yüksək, gecə qidalanmaya daha uzun fasilə verənlərdə isə daha aşağı olub.
Tədqiqatçılar bildirirlər ki, burada əsas amillərdən biri qidalanma rejiminin orqanizmin bioloji saatı ilə uyğunlaşmasıdır. Belə ki, maddələr mübadiləsi və iştahanın tənzimlənməsi günün müxtəlif saatlarında fərqlənir.
Alimlər həmçinin vurğulayıblar ki, gecə qidalanma fasiləsini uzatmaq üçün axşam yeməyini daha erkən bitirmək və ya səhər yeməyini günortaya qədər təxirə salmaq eyni nəticəni verməyə bilər.
Araşdırmada səhər yeməyini faktiki olaraq ötürən kişilərin ayrıca qrupunda uzunmüddətli gecə fasiləsinin çəki baxımından üstünlük yaratmadığı da müəyyən edilib.
Qeyd edək ki, tədqiqat nəticələri qidalanma vaxtı ilə bədən çəkisi arasında əlaqəni göstərir. Bu, erkən səhər yeməyinin və uzun gecə fasiləsinin birbaşa arıqlamağa səbəb olduğunu sübut etmir.
05:33 22.11.2026
Oxunuş sayı: 138