"Azərbaycan təxribatlara adekvat cavab verir" - Şərh
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Bu müsahibə, Azərbaycanın əldə etdiyi uğurlar və qarşıdakı strateji hədəfləri baxımından yüksək dəyərləri özündə əks etdirir. Dövlət başçısı ölkənin sosial-iqtisadi inkişafı, regionda mövqeyi, Ermənistanın hərbi büdcəsi kimi mühüm məsələlərə toxunub. Bu mövzularla yanaşı, ölkə başçısı bir neçə məqama da diqqət çəkib.
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Crossmedia.az-a şərhində qeyd edib ki, bu gün Ermənistan və Azərbaycan arasında sərhəd min kilometrdən çoxdur. Delimitasiya və demarkasiya olmamış ərazilər isə beş yüz kilometrdən çoxdur ki, ilk olaraq dörd kəndin alınması nəticəsində biz bu prosesi yekunlaşdırdıq:
"Sözügedən proseslər çox mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Cənab Prezidentin məhz təkidi nəticəsində vaxtilə işğal edilmiş bu kəndlər geri qaytarıldı və artıq qoşunlarımız oradadır.
Azərbaycan ərazilərinin qarşı tərəfin atəşkəsin pozulması hallarına məruz qalmasına gəlincə isə, bu, gələcəkdə tərəflər arasında sülh müqaviləsinin imzalanmasına mane olmaq deməkdir. Bu tip təxribatlar davam etdikcə Azərbaycan təbii olaraq adekvat cavab verir ki, onlar da bunu məqsədyönlü istifadə edərək, dünyaya car çəkib, "doğru" görünməyə çalışırlar. Bu addımlar, bizi qorxutmayıb və qorxutmur. Silahlanma prosesində isə, Ermənistanın müdafiə təhlükəsi üçün 1,7 milyard dollar büdcə nəzərdə tutulub. Bu büdcəyə Fransa, Hindistan və digər ölkələrdən, müəyyən üsullarla, kreditlə alınmış silahlar daxil deyil. Biz daxili və xarici siyasətimizi hər zaman olduğu kimi müstəqil şəkildə aparırıq. Sadəcə olaraq qarşı tərəf anlamalıdır ki, sözügedən silahlanma prosesi regionda ciddi konfliktə, növbəti sönmüş ocaqların alovlanmasına səbəb ola bilər".
Zəngəzur dəhlizi ilə bağlı isə deyə bilərəm ki, sözügedən dəhlizin açılması mühüm məqamlar sırasında yer alır. Bu mövzuda müəyyən fikirlərlə çıxış edib, qarşı çıxanlar mövcud olsa da, Cənab Prezidentin də qeyd etdiyi kimi Zəngəzur dəhlizi mütləq şəkildə açılmalıdır və açılacaqdır. Sadəcə olaraq danışıqlar yolu ilə baş tutması daha məqsədəuyğundur. Əks təqdirdə, bizim hərtərəfli gücümüz və imkanımız proseslərin icrasına imkan verir.
Aytac Kərimova
17:08 09.01.2025
Oxunuş sayı: 7314