Azərbaycanın yeni dünya düzəninin formalaşması prosesində fəal iştirak etməkdədir
Azərbaycanın dünya birliyi və beynəlxalq münasibətlərdə artan rolu diqqət mərkəzindədir. Son illərdə ölkənin beynəlxalq aləmdə tanınması və mövqeyinin möhkəmlənməsi prosesləri müşahidə edilir. Bu, Azərbaycanın xarici siyasətində müəyyən konkret prinsiplərin tətbiqi ilə bağlıdır. Ölkənin suverenliyi, milli maraqları, bərabərhüquqlu əməkdaşlıq və beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətindəki fəallığı Azərbaycanın qlobal liderliyini önə çəkən əsas amillərdən biridir.
“Bakı Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev məsələyə dair Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq münasibətlərdə mövqeyi davamlı olaraq güclənir və bu, müəyyən prinsiplər əsasında həyata keçirilir. Onun sözlərinə görə, “Azərbaycanın xarici siyasəti bərabərhüquqlu əməkdaşlıq, ölkələrin daxili işlərinə qarışmamaq, suverenliyə hörmət, ümumi təhlükəsizliyin təmin olunması və milli maraqların qorunması kimi prinsiplərə söykənir”.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışlarında Azərbaycanın beynəlxalq arenada tutduğu mövqenin xarakteristikası açıq şəkildə təqdim edilir. “Bu çıxışlar bir daha göstərir ki, Azərbaycan dünya ölkələrinin böyük əksəriyyətindən fərqli olaraq güclü, sabit və müstəqil mövqeyə sahibdir”, - deyə Aydın Quliyev qeyd edib.
Aydın Quliyev əlavə edib ki, Prezident İlham Əliyevin çıxışlarında Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinin möhkəmləndirilməsi üçün konkret istiqamətlər də müəyyənləşdirilir. “Azərbaycanın əsas hədəflərindən biri yeni dünya düzəninin formalaşması prosesində fəal iştirak etməkdir. Ölkəmiz bu prosesin passiv müşahidəçisi olmaqdan uzaqdır və yeni düzənin yaradılmasında aparıcı rol oynayan ölkələrdən birinə çevrilmək məqsədini qarşısına qoyub”, - deyə politoloq bildirib.
O, həmçinin vurğulayıb ki, bu istiqamətdə həyata keçirilən fəaliyyətlər yaxın illərdə Azərbaycanın dünya siyasətində mövqeyinin daha da güclənməsinə səbəb olacaq. “Azərbaycanın beynəlxalq münasibətlərdə mövqeyi əsaslandırılmış və perspektiv tələblərə cavab verən mövqedir. Bu, ölkəmizi beynəlxalq aləmdə ədalətli və möhkəm mövqe tutmağa təşviq edir”, - deyə Aydın Quliyev fikrini tamamlayıb.
Azərbaycanın diplomatiya və beynəlxalq siyasət sahəsində əldə etdiyi nailiyyətlər onun qlobal nüfuzunun artmasında mühüm rol oynayır. Bu yanaşma ölkəni dünya siyasətinin önəmli iştirakçılarından birinə çevirir.
Maral Şahverdili
09:32 09.01.2025
Oxunuş sayı: 6547