“PKK ya təşkilatlanacaq, ya da məhv olacaq”
Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatına qarşı mümkün hərbi əməliyyatlara hazırlıq məqsədilə döyüş hazırlığı vəziyyətinə gətirilib.
“Türkiye” qəzetinin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, Ankara yeni Suriya administrasiyasından terror təşkilatına qarşı tədbirlər görməyi tələb edib və bütün ssenarilərə hazır olmaq üçün hazırlıqlarını davam etdirir. Bildirilir ki, sərhəd bölgəsində yerləşən qoşunlar mümkün əməliyyat üçün tam hazır vəziyyətə gətirilib.
Türkiyə, diplomatik və sülh yolu ilə həll variantlarını nəzərdən keçirməklə yanaşı, hərbi əməliyyat seçimini də ciddi şəkildə dəyərləndirir. “Hərbi müdaxilə variantı mümkün ssenarilərdən biridir”, - deyə qəzetin xəbərində vurğulanır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə Türkiyə ordusunun Suriyada PKK və YPG terror təşkilatlarına qarşı hərbi əməliyyata başlaması ehtimalı yüksəkdir.
Onun sözlərinə görə, terrorçular artıq xəbərdar edilib və qarşılarında iki seçim var: ya təşkilatlanma prosesindən əl çəkəcəklər, ya da tamamilə məhv ediləcəklər: “Bu məsələdə Türkiyə, Suriya Müvəqqəti Hökumətinin dəstəyini alır. Suriya Müvəqqəti Hökuməti PKK-çıların təşkilatlanmasının qarşısını almaq istəyir və Türkiyə ilə strateji tərəfdaşlıq çərçivəsində məsələdə həmrəylik göstərir. Hazırda Müvəqqəti Hökumət vahid ordu yaratmağa çalışır və digər silahlı qruplar silahlarını təhvil verir. Bir çox silahlı qruplar bu prosesi qəbul etsə də, PKK hələ də sözügedən tələblərə əməl etmir”.
E.Şahinoğlu qeyd edib ki, PKK xarici siyasi və hərbi dəstək almağa davam edir: “Buna baxmayaraq, Türkiyə mövqeyində qətiyyətlidir və problemi həll etməkdə qərarlıdır. Türkiyə ABŞ-da Donald Trampın andiçmə mərasiminə qədər, yəni yanvarın 20-dək, PKK ilə bağlı məsələni həll etməyi planlaşdırır. Məqsəd bölgəni terrorçulardan təmizləmək və sərhəd təhlükəsizliyini tam təmin etməkdir”.
Maral Şahverdili
09:08 09.01.2025
Oxunuş sayı: 5208