“Azərbaycan yeni dünya nizamının formalaşmasında fəal iştirak edir”
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyaya verdiyi müsahibəsində yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın mövqeyini və Cənubi Qafqaz regionuna təsirlərini geniş təhlil etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan bu prosesin sadəcə müşahidəçisi deyil, fəal iştirakçısıdır. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz yeni dünya nizamının formalaşmasında suverenlik prinsipinin toxunulmazlığına və daxili işlərə müdaxilənin yolverilməzliyinə əsaslanan dəyərləri ön planda saxlayır: “Bizim işimizə heç kim qarışa bilməz. Cəhdlər olub və olacaq, amma nəticəsi olmayıb və olmayacaq.”
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əli Zülfüqaroğlu dövlət başçısının çıxışını beynəlxalq əhəmiyyətli mesajlarla zəngin bir bəyanat kimi qiymətləndirib. O bildirib: “Dövlət başçısı bir sıra məsələlərə toxunaraq, dünya və bölgədəki proseslərə aydınlıq gətirdi. Xüsusilə, Ermənistan və Azərbaycan arasındakı münasibətlər, sülh istiqamətində yaradılan maneələr, imperializmin fəsadları və beynəlxalq hüquq prinsiplərinin pozulması məsələlərinə dair mühüm mesajlar verdi. Bu çıxış beynəlxalq səviyyədə ədalətə və sülhə çağırış kimi əhəmiyyətlidir”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, Prezident İlham Əliyev Ermənistanın bölgədə sabitliyə mane olmaq istəyən qüvvələrin təsiri altında olduğunu xüsusi vurğulayıb: “Sülh prosesinə mane olmaq istəyən qüvvələr mövcuddur. Onlar Cənubi Qafqazda gərginlik yaratmaq və bölgəni qlobal güc mərkəzlərinin maraqlarına uyğun şəkildə formalaşdırmaq niyyətindədirlər. Azərbaycan isə bu təhdidləri dəqiq şəkildə analiz edir və bölgədə sabitliyi qorumaq üçün səylərini davam etdirir”.
Politoloq Azərbaycanın bu proseslərdə müstəqil siyasət yürütdüyünü və böyük nailiyyətlər əldə etdiyini qeyd edib: “Azərbaycan tam müstəqil siyasət həyata keçirir, dövlət maraqlarını müdafiə edir və həm diplomatik, həm də hərbi üstünlüklər qazanır. Ölkəmiz separatizmin kökünü tamamilə kəsərək dünya miqyasında geosiyasi böhranları öz lehinə çevirməyi bacaran yeganə dövlətlərdən biridir”.
Azərbaycanın Ermənistanla müqayisə edilməyəcək qədər güclü olduğunu vurğulayan Ə.Zülfüqaroğlu əlavə edib: “Azərbaycanın qarşısında yeni hədəflər var və yeni dünya nizamı qurularkən ölkəmiz aktiv rol oynamağı hədəfləyir. Ermənistan isə həm Qərb, həm də Rusiyanın təzyiqləri altında müstəqil siyasət yürüdə bilmir və bu, bölgədə sülhə mane olur”.
Politoloq Azərbaycanın yeni dünya nizamında önəmli yer tutacağını və geosiyasi proseslərdə təsir gücünü artıracağını bildirib: “Azərbaycan, öz təhlükəsizliyini qorumaq üçün mühüm mexanizmlər formalaşdırıb. Dövlət başçısının uzaqgörən siyasəti sayəsində ölkəmiz sabitliyin təmin olunmasında önəmli faktor olaraq mövqeyini daha da gücləndirəcək və beynəlxalq nüfuzunu artıracaq”.
Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın yeni dünya düzənində fəal iştirakını və prinsipial mövqeyini bir daha nümayiş etdirir.
Maral Şahverdili
12:08 08.01.2025
Oxunuş sayı: 5492