Deputat: “Zəngəzur dəhlizinin açılması iqtisadiyyatın və turizmin inkişafına töhfə verəcək”

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı vacib məqamları dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, 2025-ci il yanvarın 1-dən Azərbaycanda minimum əməkhaqqı 400 manata, minimum pensiya isə 320 manata çatdırılıb. Bu, son illərdə ölkədə həyata keçirilən dördüncü genişmiqyaslı sosial paket çərçivəsində baş tutan növbəti artımdır. Artımlar, xüsusilə, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlərin davamıdır. Prezident İlham Əliyev çıxışında bu artımların dövlətin sosial siyasətinin təməl prinsiplərinə əsaslandığını vurğulayıb və sosial ədalətin hər zaman diqqət mərkəzində olduğunu bildirib.
Keçən ilki 2 faiz inflyasiya göstəricisi ilə müqayisədə 14-15 faiz artım aztəminatlı əhali üçün dövlətin maliyyə dəstəyini daha aydın göstərir. Bu artımın, eyni zamanda, ölkənin güclü iqtisadi inkişafına söykənərək həyata keçirildiyi qeyd olunub. Azərbaycan hökuməti 2024-cü ildə rekord səviyyədə olan dövlət büdcəsindən sosial layihələrə ayrılan vəsaitin həcmini daha da artıraraq, vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmağı əsas hədəflərindən biri kimi müəyyənləşdirib.
Bütün bu artımlar Qarabağın bərpası və geniş infrastruktur layihələri ilə yanaşı, ölkənin iqtisadi müstəqilliyini təmin edən iqtisadi siyasətin uğurlarını əks etdirir.
Milli Məclisin deputatı Musa Quliyev Crossmedia.az-a açıqlamasında Prezident İlham Əliyevin müsahibəsinin mühüm müzakirə mövzusu olacağını bildirib. Deputat qeyd edib ki, ölkə lideri müsahibəsində həm ötən ilin yekunlarına, həm də post-müharibə dövründə ölkədə və bölgədə gedən proseslərə qiymət verib: “ Prezident, xüsusilə, ötən ilin sosial-iqtisadi yekunlarını vurğuladı və qeyd etdi ki, 2024-cü il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub. Ötən il iqtisadiyyatımız inkişaf edib, dövlət büdcəmiz müstəqillik dövrünün ən böyük büdcəsi olub. 41 milyard manatlıq xərc hissəsi və 48 milyard manatlıq icmal büdcə təsdiq edilib".
Deputat vurğulayıb ki, iqtisadi artım əsasən qeyri-neft sektorunun payına düşür və iqtisadi uğurların nəticəsi olaraq sosial siyasətin həyata keçirilməsi mümkün olub: “İndiyə qədər dörd böyük sosial islahatlar paketi həyata keçirilib. 2025-ci ilin ilk günlərindən isə beşinci sosial islahatlar zərfi icra olunmağa başlayıb. Minimum əməkhaqqı 55 manat artırılaraq 400 manata, minimum pensiya isə 40 manat artırılaraq 320 manata çatdırılıb. Bu artımlar əməkhaqqı alan 700 min nəfərə yaxın soydaşımızın güzəranını yaxşılaşdıracaq".
M.Quliyev əlavə edib ki, bu artımlar minimum əməkhaqqının 16 faiz, minimum pensiyanın isə 14,3 faiz artması deməkdir. Deputat, eyni zamanda, inflyasiya göstəricilərinin artım fonunda vətəndaşların sosial rifahını daha da yaxşılaşdıracağını qeyd edib: “ Prezident vurğuladı ki, bizim sosial siyasətimiz daxili siyasətimizin prioritet istiqamətidir. Bununla yanaşı, hərbi təhlükəsizlik və Qarabağın bərpası kimi məsələlərə də diqqət artırılır. 2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manat vəsait ayrılacaqdır".
Deputat Zəngəzur dəhlizinin açılmasının vacibliyinə də toxunaraq qeyd edib: “Zəngəzur dəhlizi təkcə siyasi məsələ deyil, həm də iqtisadiyyatımızın və turizmin inkişafına böyük töhfə verəcək".
Musa Quliyev sonda vurğulayıb ki, Prezidentin müsahibəsində qeyd edilən bütün sosial yönümlü tədbirlər 2025-ci ildə aztəminatlı şəxslərin, pensiyaçıların, şəhid və qazi ailələrinin rifahının təmin olunmasına yönəlib. Bu yanaşma ölkənin sosial siyasətində və iqtisadi dayanıqlığında əhəmiyyətli rol oynayacaq.
Nihat Tahirov
11:37 08.01.2025
Oxunuş sayı: 9957