Çörəkdən pendirə qədər: Hansı qidalar duz qəbulunu artırır?
Həddindən artıq duz istehlakı yalnız yüksək qan təzyiqi, ürək-damar və böyrək xəstəlikləri riskini artırmır, qaraciyərin fəaliyyətinə də mənfi təsir göstərə bilər. Xüsusilə hazır və emal olunmuş qidaların tərkibindəki gizli duz gündəlik qəbul edilən natriumun miqdarını artırır.
Crossmedia.az xəbər verir ki, “CNN Türk” bu barədə məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklərə gündə 5 qramdan az duz istehlak etməyi tövsiyə edir. Bu miqdara yalnız yeməklərə əlavə edilən duz deyil, çörək, pendir, zeytun, kolbasa-sosiska məhsulları və hazır qidaların tərkibində olan duz da daxildir.
Duzun əsas komponentlərindən biri olan natrium orqanizmdə maye balansının tənzimlənməsində mühüm rol oynayır. Lakin normadan artıq natrium qəbulu bədəndə mayenin tutulmasına və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Yüksək təzyiq isə infarkt, insult və digər ürək-damar xəstəlikləri üçün əsas risk amillərindən biridir.
Duz böyrəklərin fəaliyyətinə necə təsir edir?
Böyrəklər orqanizmdə su və elektrolit balansının qorunmasında, artıq natriumun xaric edilməsində mühüm rol oynayır. Duzun çox istehlakı qan təzyiqini yüksəldərək böyrəklərin yükünü artıra bilər. Bu vəziyyət uzun müddət davam etdikdə böyrək funksiyalarına mənfi təsir göstərə bilər.
Xüsusilə xroniki böyrək xəstəliyi olan şəxslərin duz qəbuluna nəzarət etməsi vacibdir. Bununla belə, duzun nə dərəcədə məhdudlaşdırılması hər bir insanın sağlamlıq vəziyyətinə uyğun müəyyənləşdirilməlidir.
Normal çəkidə olan insanlarda da qaraciyər riski var
Qaraciyər yağlanması dedikdə ilk növbədə artıq çəki, piylənmə və insulin müqaviməti yada düşür. Lakin normal bədən çəkisinə malik insanlarda da qaraciyər xəstəlikləri yarana bilər.
2026-cı ilin sentyabrında “Duke-NUS” Tibb Fakültəsi və London Universitet Kollecinin tədqiqatçılarının iştirakı ilə dərc olunan eksperimental araşdırmada yüksək duzlu qidalanmanın piylənməsi olmayan siçanlarda qaraciyər metabolizmini dəyişdirə bildiyi müəyyən edilib. Təcrübə zamanı qaraciyərdə iltihab və fibroz proseslərinin əlamətləri müşahidə olunub.
Araşdırmada qaraciyərdə yağ toplanması nisbətən az olsa da, iltihab və toxuma sərtləşməsi qeydə alınıb. Bununla belə, tədqiqat heyvanlar üzərində aparıldığı üçün eyni mexanizmin insanlarda da baş verdiyini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.
Gizli duz mənbələrinə diqqət
Gündəlik duz qəbulunu azaltmaq istəyənlər yalnız yeməklərə əlavə etdikləri duzun miqdarına deyil, hazır məhsulların tərkibinə də diqqət yetirməlidirlər.
Çörək, pendir, zeytun, turşu, kolbasa-sosiska məhsulları, hazır şorbalar, paketlənmiş qəlyanaltılar və müxtəlif souslar gündəlik natrium qəbulunu artıra bilər.
Duz istehlakını azaltmaq üçün yemək hazırlayarkən əlavə edilən duzun miqdarını tədricən azaltmaq, süfrədə duzqabı saxlamamaq və yeməyin dadına baxmadan əlavə duz tökməmək tövsiyə olunur. Paketlənmiş məhsullar alarkən isə onların etiketindəki natrium və duz göstəricilərini müqayisə etmək vacibdir.
Qaya duzu, dəniz duzu və Himalay duzunun daha sağlam olduğu barədə geniş yayılmış fikirlər də hər zaman doğru deyil. Bu duzların əsas komponenti də natrium-xloriddir. Buna görə duzun növünü dəyişmək həddindən artıq natrium qəbulunun yaratdığı riskləri aradan qaldırmır.
Yod qəbulunu dəstəkləmək baxımından yodlaşdırılmış duza üstünlük verilməsi tövsiyə olunur. Kalium tərkibli, natriumu azaldılmış duz alternativləri isə bəzi insanlar üçün seçim ola bilər. Lakin böyrək xəstəliyi olan və qanda kalium səviyyəsini yüksəldən dərmanlardan istifadə edən şəxslər bu məhsulları həkim məsləhəti olmadan qəbul etməməlidirlər.
Sağlamlığın qorunması üçün kompleks yanaşma vacibdir
Xroniki xəstəliklərin qarşısının alınmasında yalnız bir qida məhsuluna və ya vərdişə diqqət yetirmək kifayət deyil. Balanslı qidalanma, müntəzəm fiziki aktivlik, sağlam bədən çəkisinin qorunması, siqaretdən uzaq durmaq, qan təzyiqi, qan şəkəri və xolesterin səviyyələrini nəzarətdə saxlamaq ümumi sağlamlığın əsas şərtlərindəndir.
Xroniki xəstəliyi olan şəxslərin dərmanlarını həkim təyinatına uyğun qəbul etməsi və müayinələri vaxtında aparması da mühüm əhəmiyyət daşıyır.
06:00 03.11.2026
Oxunuş sayı: 111