Zəlzələ İtaliyanı silkələdi: Bir həftədə 60 yeraltı təkan qeydə alınıb
İtaliyanın Siciliya adası yaxınlığında 5,5 maqnitudalı zəlzələ baş verib. Bölgədə son bir həftə ərzində 60 yeraltı təkan qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, ANSA agentliyi İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutuna istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, oktyabrın 23-də baş verən zəlzələnin episentri Tirren dənizinin cənub hissəsində, Eol adalarından şimal-qərbdə yerləşib.
Yeraltı təkanlar Siciliyanın Palermo və Kataniya şəhərlərində də hiss olunub.
İlkin məlumatlarda zəlzələnin maqnitudası 5,0 göstərilsə də, sonradan 5,5-ə yüksəldilib.
Milli Geofizika və Vulkanologiya İnstitutunun Zəlzələlər Departamentinin direktoru, seysmoloq Salvatore Stramondonun sözlərinə görə, bölgədə son bir həftədə 60, təkcə cümə günü isə 15 yeraltı təkan qeydə alınıb.
Güclü zəlzələlərdən sonra Palermoda bir sıra məktəblər və dövlət idarələri ehtiyat tədbiri olaraq təxliyə edilib.
Bölgədə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunsa da, sonradan təhlükənin olmadığı bildirilib. İlkin məlumatlara əsasən, insan tələfatı və ciddi dağıntı qeydə alınmayıb.
19:13 23.10.2026
Oxunuş sayı: 53