Yas mərasimində şən musiqi səsləndirdi – HƏBS EDİLDİ
Rusiyanın Krasnodar diyarında həlak olmuş hərbçinin yas mərasimində yüksək səslə əyləncəli musiqi səsləndirməkdə təqsirləndirilən 52 yaşlı kişi məhkəmə qarşısına çıxarılacaq.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” Rusiya İstintaq Komitəsinin regional idarəsinə istinadən bu barədə məlumat yayıb.
İstintaqın məlumatına görə, hadisə 2025-ci il oktyabrın 5-də Labinsk şəhərinin Vladimirskaya küçəsində yerləşən kafelərdən birinin yaxınlığında baş verib.
Bildirilib ki, kafedə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda həlak olmuş və “İgidliyə görə” ordeni ilə təltif edilmiş hərbçinin anım mərasimi keçirilirmiş.
İstintaqın versiyasına əsasən, Rusiya hərbçilərinə qarşı düşmən münasibəti bəsləyən 52 yaşlı yerli sakin mərasimin keçirildiyini bildiyi halda səsgücləndiricilər vasitəsilə yüksək səslə şənlik musiqisi səsləndirib.
Həlak olan hərbçinin yaxınlarının səsi azaltmaq xahişlərinə məhəl qoymayan şəxs onları təhqir edib. Nəticədə yas mərasiminin davam etdirilməsi mümkün olmayıb.
Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (xuliqanlıq) ittiham irəli sürülüb.
Cinayət işi təsdiqlənmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
18:40 23.10.2026
Oxunuş sayı: 66