Oyun oynamaqdan oyun asılılığına: Təhlükəli sərhəd haradadır?
Müasir dövrdə onlayn oyunlar milyonlarla insanın gündəlik həyatının bir hissəsinə çevrilib. Xüsusilə döyüş və rəqabət xarakterli oyunlar istifadəçilərə təkcə əyləncə deyil, həm də gündəlik qayğılardan uzaqlaşmaq, gərginliyi azaltmaq və virtual mühitdə özünü sınamaq imkanı verir. İşdəki problemlər, təhsil yükü, sosial münasibətlər və gündəlik stress bəzi insanları oyunlara yönəldir. Lakin burada maraqlı bir sual yaranır: insan oyuna stressdən qurtulmaq üçün üz tutur, yoxsa fərqinə varmadan özünü daha gərgin vəziyyətə salır?
Bir tərəfdən, oyunda qələbə qazanmaq, çətin tapşırıqları yerinə yetirmək və komanda ilə uğur əldə etmək insanda məmnunluq yarada bilər. Digər tərəfdən, məğlubiyyət, rəqabət, virtual mühitdə qarşıdurmalar və uzun müddət ekran qarşısında qalmaq əsəbilik, yuxu pozuntusu və gündəlik fəaliyyətlərə marağın azalması ilə nəticələnə bilər. Üstəlik, insanın stressdən yayınmaq üçün daim oyuna üz tutması ilə oyunun sadəcə istirahət vasitəsi olması arasında mühüm fərq var.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, oyun rəqəmsal əyləncə vasitəsidir:
"İnsan vaxta nəzarət edirsə, oyun əyləncə olaraq qalır. Lakin insan özünü oyunda unudur, real problemlərdən qaçmaq üçün virtual dünyaya sığınırsa, artıq oyun oynamır, öz həyatı ilə oyun oynayır. Oyun stressin səbəbini aradan qaldırmır, sadəcə diqqəti problemdən yayındırır. Nəzarətsiz və uzunmüddətli oyun yuxu rejimini pozur, əsəbiliyi artırır, sosial münasibətləri zəiflədir və iş həyatının keyfiyyətini aşağı salır. Oyun insanın həyatını idarə etməyə başlayırsa, bu, artıq əyləncə deyil, psixoloji problemdir".
Psixoloq qeyd edib ki, insan real həyatda özünü ifadə edə bilmədikdə, uğursuzluq yaşadıqda və problemlərin öhdəsindən gəlmədikdə rəqəmsal dünyaya sığınır:
"Orada özünə yeni kimlik, uğur və nəzarət hissi yaradır. Nəticədə rəqəmsal kimlik real kimliyi kölgədə qoyur. İnsan real həyatda həll etməli olduğu problemləri virtual dünyada unutmağa çalışır. Oyuna sərf olunan vaxta nəzarətin itirilməsi, oyun oynamadıqda əsəbilik, yuxu pozuntuları, sosial təcrid və gündəlik məsuliyyətlərin laqeyd qalınması oyun asılılığının əsas əlamətləridir. İnsan oyunu dayandıra bilmirsə və oyun şəxsi, sosial və peşəkar həyatına zərər vurursa, psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidir".
18:10 23.10.2026
Oxunuş sayı: 63