CROSSMEDIA - Korrupsiya ittihamlarına dair məhkəmə başladılır: Toxunulmazlıq məsələsi yenidən gündəmdə
Gündəm

Korrupsiya ittihamlarına dair məhkəmə başladılır: Toxunulmazlıq məsələsi yenidən gündəmdə

Belçikanın Lyej məhkəməsində keçiriləcək dinləmə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin COVID-19 peyvəndlərinin alınması ilə bağlı korrupsiya iddialarına toxunulmazlığının olub-olmadığını müəyyənləşdirmək məqsədilə təşkil olunub. İddiaçılar Avropa Prokurorluğunun Lyayenin qanuni toxunulmazlıq mövqeyini rədd edərək, onun vəzifə səlahiyyətlərini aşdığını bildirirlər. Proses, COVID-19 pandemiyası zamanı satın alınmış vaksinlərin qanuniliyini və şəffaflığını yenidən sual altına qoyub.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, “Biz burada vacib bir məqama diqqət yetirməliyik. Məsələnin mahiyyəti ondadır ki, bir çox dövlətlərə qarşı qərəzli mövqelər sərgiləyən, özünü prokuror kimi aparan, məhkəmə hakimi kimi göstərməyə çalışan Avropa İttifaqı, eyni zamanda Avropa Komissiyası və Avropa strukturları hansı vəziyyətdədir? Biz onların bizə qarşı qərəzini, ədalətsizliyini dəfələrlə müşahidə etmişik. Tez-tez bizi düşmən mövqeyində göstərməyə çalışırdılar, Qarabağ məsələsində qərəzli yanaşmalar sərgilədilər, Ermənistanın mövqeyini müxtəlif yollarla dəstəklədilər və öz münasibətlərini açıq şəkildə nümayiş etdirdilər. Bu yanaşma çox vaxt ədalətsiz və əsassız olub”.

Deputat daha sonra qeyd edib ki, “Biz bunu dəfələrlə vurğulamışıq və bu gün bir daha sübut etdik ki, Avropa qurumları, o cümlədən Avropa Komissiyasının rəhbərliyi özləri korrupsiya və ədalətsizlikdə ittiham olunur. Bu da bir daha göstərir ki, bu qurumlar başqalarını ədalət və hüquqa çağırmağa çalışsalar da, özləri hüquqsuzluğun içindədirlər və ikili standartlarla hərəkət edirlər. Rüşvət çirkabında batıblar və bu çirkabda özləri özlərini ifşa edirlər”.

Ceyhun Məmmədov sözünün sonunda vurğulayıb: “Hesab edirəm ki, artıq Avropa qurumları – Avropa Şurası, Avropa Komissiyası və digər strukturlar başqalarına təzyiq göstərməkdən və birtərəfli dəstək verməkdən əl çəkməlidir. Onlar digər ölkələrin daxili işlərinə qarışmaqdan imtina etməli və bu cür təhlükəli müdaxilələrə son qoymalıdırlar. Çünki özü korrupsiya içində olan, özü qanunsuzluğa bulaşmış bir qurumun başqalarını ittiham etməyə, onlara dərs verməyə haqqı yoxdur".

Nihat Tahirov

14:34 06.01.2025

Oxunuş sayı: 5281

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR